Qadınlar hansı üstün əmək hüquqlarına malikdirlər?- ÖZƏL
13:03 SosialAzərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur. "Olaylar" Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
Əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir - bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir.
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir.
İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.