Qarabağ və Şərqi Zəngəzurda ödənişsiz peşə hazırlığı proqramları həyata keçirilir- ÖZƏL
12:23 Sosialİşğaldan azad olunmuş ərazilərimizə qayıtmış soydaşlarımızın məşğulluq məslələsinin həlli ilə əlaqədar müvafiq addımlar atılır. "Olaylar" Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda Peşə hazırlığı proqramları həyata keçirilir.
Böyük Qayıdış proqramının icrası çərçivəsində aparılan genişmiqyaslı işlərin bir istiqaməti də işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu məqsədlə həmin ərazilərdə aktiv məşğulluq proqramları və sakinlərin bu proqramlara cəlb olunması işləri geniş vüsət alıb.
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kursları da təşkil edir. Peşə kurslarına həmin ərazilərdə məskunlaşmış və yaxın dövrdə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.