Yay tətili özünü inkişaf etdirmək üçün ən böyük fürsətdir- ÖZƏL

"Hər il yay tətilini səbirsizliklə gözləyirik. Bu dövr dincəlmək, ailə və dostlarla vaxt keçirmək üçün gözəl fürsətdir. Lakin yay ayları eyni zamanda insanın özünü inkişaf etdirməsi, yeni bilik və bacarıqlar qazanması üçün də ən əlverişli vaxtlardan biridir. Tətili necə keçirdiyimiz, əslində, gələcəyimizi necə quracağımızı da müəyyənləşdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Yay tətili artıq başlayıb. İstəyirəm ki, hər bir gənc bu dövrü sadəcə istirahət üçün deyil, həm də özünü inkişaf etdirmək üçün bir fürsət kimi dəyərləndirsin. Təəssüf ki, bəzən belə bir düşüncə ilə rastlaşırıq ki, yay tətili yalnız gəzmək, əylənmək və vaxt keçirmək üçündür. Halbuki istirahət nə qədər vacibdirsə, insanın öz üzərində işləməsi, yeni bilik və bacarıqlar qazanması da bir o qədər önəmlidir. Yay ayları gələcəyə daha hazırlıqlı olmaq üçün əvəzsiz imkandır.

Bu vaxtdan səmərəli istifadə edin. Xarici dillər öyrənin, xüsusilə ingilis dilinizi inkişaf etdirin. Kompüter biliklərinizi artırın, müxtəlif kurslara, təlimlərə və dərnəklərə qatılın. Bədii və elmi ədəbiyyat oxuyun, mütaliəni gündəlik həyatınızın ayrılmaz hissəsinə çevirin. Bu gün qazandığınız hər bir bilik və bacarıq sabah uğurunuzun möhkəm təməlini formalaşdıracaq.

Unutmayaq ki, insanın inkişafı öyrənməklə davam edir. Oxumağı, araşdırmağı və öz üzərində işləməyi dayandırdığımız anda inkişafımız da dayanır. Gəlin bu yayı sadəcə bir tətil kimi deyil, gələcəyimizə qoyduğumuz ən dəyərli investisiya kimi dəyərləndirək. Daha çox oxuyaq, daha çox öyrənək, özümüzü inkişaf etdirək və yeni tədris ilinə daha savadlı, daha bacarıqlı və daha hazırlıqlı şəkildə başlayaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31