“Əkinçi su tapmır, amma biz onu şəhərdə israf edirik”-Bioloq alimdən həyəcanlı açıqlama- ÖZƏL

"Əhali artımı, iqlim dəyişikliyi və yağıntıların azalması üzündən su ehtiyatlarımız getdikcə azalır." Bu sözləri Olaylar.az-a açıqlamasında biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev deyib. Onun sözlərinə görə, cəmiyyətdə suya qənaət şüurunun formalaşdırılması zəruridir: "Elə bir dövrdə yaşayırıq ki, artıq hər damla bizim üçün dəyərlidir. İri şəhərlərdə su israfının qarşısı alınmalıdır. Yaşıllaşdırmada, avtoyumada evlərə verilən şirin sudan istifadə edilməsi düzgün deyil. Məişət suları utilizasiya edildikdən, təkrar emaldan keçirildikdən sonra yaşıllaşdırmada, avtoyumada istifadə olunmalıdır. Təcili şəkildə texniki su şəbəkəsi bərpa edilməlidir. Kənddə əkinçi su tapmır, amma biz onu şəhərdə israf edirik". Bioloq alim deyib ki, kənd təsərrüfatında da suvarma üsulları yenilənməli, müasir texnologiyalara əsaslanmalıdır.
"Aqrar sektor inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməli, suvarma sistemlərini yeniləməliyik. Damcılı, çiləmə, yağmurlama suvarma sistemlərinə, smart texnologiyalara üstünlük verməliyik. Doğrudur, bunlar bahalı sistemlərdir. Lakin rəsmi qurumlar fermerlərə dotasiyalar ayırmalı, onların modern texnologiyalara əlçatanlığı təmin olunmalıdır. Su qıtlığı yaşadığımız dövrdə ənənəvi əkin bitkilərinin məhsuldarlığını qorumaq getdikcə çətinləşir. Bu səbəbdən quraqlığa davamlı, az su tələb edən və torpaq münbitliyinin bərpasına kömək edən bitkilərin becərilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bitkilərdən biri də amarantdır.  Saatlı rayonunda bizim üçün ayrılmış təcrübə sahəsində amarant bitkisi əkmişik. Məqsədimiz yüksək qida dəyərinə malik və quraqlığa dözümlü bu bitkinin faydalarını cəmiyyətə çatdırmaq, eləcə də yerli fermerləri amarant əkininə təşviq etməkdir. Amarant müasir dövrdə iqlim dəyişikliklərinə uyğunlaşma baxımından perspektivli bitkilərdən hesab edilir. Güclü və dərin kök sistemi sayəsində torpağın alt qatlarından rütubəti mənimsəyə bilir. Bu xüsusiyyət ona digər bir çox kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az su sərf etməklə inkişaf etməyə imkan yaradır. Bitkinin digər mühüm üstünlüyü şoranlaşmış və münbitliyi zəifləyən torpaqlarda yetişə bilməsidir. Amarantın becərilməsi torpağın strukturunun yaxşılaşmasına, üzvi maddələrin artmasına və eroziya riskinin azalmasına müsbət təsir göstərir. Bu isə gələcək illərdə həmin sahələrdə digər kənd təsərrüfatı bitkilərinin daha məhsuldar becərilməsinə şərait yaradır".
M.Musayev deyib ki, amarant həm də yüksək məhsuldarlığı ilə seçilir. 
"Onun toxumları zülal, lif, kalsium, dəmir və digər faydalı maddələrlə zəngindir. Toxumlarından un, müxtəlif qida məhsulları və bitki yağı hazırlanır. Yarpaqları isə tərəvəz kimi istifadə olunur. Bununla yanaşı, yaşıl kütləsi yüksək qidalılıq dəyərinə malik olduğundan heyvandarlıqda keyfiyyətli yem bazasının formalaşdırılmasına da xidmət edir.
İqtisadi baxımdan da amarant fermerlər üçün cəlbedici bitki hesab olunur. Suvarma xərclərinin azalması, müxtəlif torpaq-iqlim şəraitinə uyğunlaşması və çoxşaxəli istifadə imkanları onun rentabelliyini artırır. Xüsusilə su qıtlığı ilə üzləşən bölgələrdə amarantın becərilməsi həm məhsuldarlığın qorunmasına, həm də su sərfiyyatının azalmasına kömək edə bilər"-deyə, o, bildirib. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31