Milli Mətbuatımız xalqın taleyi ilə birgə yol keçib- ÖZƏL
14:24 Sosial"Azərbaycan milli mətbuatı tarix boyu xalqın taleyi ilə birgə yol keçib. Çətin sınaqlardan, senzuralardan, təzyiqlərdən keçərək milli ideyanın, dövlətçilik düşüncəsinin və istiqlal arzularının daşıyıcısına çevrilib. Mətbuatımız təkcə xəbərləri çatdırmayıb, həm də cəmiyyətə istiqamət göstərən, milli-mənəvi dəyərləri qoruyan və gələcək nəsilləri maarifləndirən mühüm məktəb olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan mediasının inkişaf tarixində dönüş nöqtəsi oldu. Bu qərar ölkəmizdə azad mətbuatın formalaşmasının əsas hüquqi təminatlarından biri kimi tarixə düşdü.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın hüquqi bazası təkmilləşdirilib, Medianın İnkişafı Agentliyi yaradılıb, "Media haqqında" Qanun qəbul edilib, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi kimi mühüm qərarlar qəbul olunub. Bütün bunlar Azərbaycan dövlətinin medianı cəmiyyətin strateji institutlarından biri kimi qiymətləndirdiyini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir." Bu gün Azərbaycan mediası məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.
Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış informasiyanı cəmiyyətə təqdim etməkdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu".