Azərbaycan mediasının peşəkarlığı və rəqabət qabiliyyəti daha da artır- ÖZƏL
12:37 Sosial"Bu gün Azərbaycan milli mətbuatı 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə başlanan şərəfli inkişaf yolunun növbəti ildönümünü qeyd edir.
Ölkəmizdə müstəqil və peşəkar medianın formalaşması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu media siyasəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində isə Azərbaycan mediası müasir dövrün çağırışlarına uyğun inkişaf edərək beynəlxalq informasiya məkanında mövqeyini daha da gücləndirmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib:
"Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərimiz operativ, obyektiv və peşəkar fəaliyyəti ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının ifşa olunmasına mühüm töhfə verdilər. Bu gün də media milli maraqların qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi və informasiya diplomatiyasının gücləndirilməsində mühüm rol oynayır.
Rəqəmsallaşma, süni intellekt və yeni kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan mediasının peşəkarlığını və rəqabət qabiliyyətini daha da artıracağına, cəmiyyətimizin maariflənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə və dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə bundan sonra da mühüm töhfələr verəcəyinə inanıram. Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və məsuliyyətli fəaliyyətlərində nailiyyətlər arzulayıram".