Rəqəmsal mətbuat media üçün yeni hədəflər formalaşdırır- ÖZƏL

"Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın inkişaf mərhələlərini Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsi kimi dəyərləndirib. Hər bir dövlətin inkişafında müstəqil və qərəzsiz mətbuatın xüsusi yeri var. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir". Bunu "Olaylar"a Milli Məclisin deputatı Vüqar Bayramov deyib: 

"Qlobal və eləcə də milli mətbuat fərqli inkişaf mərhələlərindən keçmişdir. Qlobal onlayn və rəqəmsal media gəlirləri son 5 ildə davamlı olaraq artmaqdadır. Rəqəmsal kanallar hazırda 1,05 trilyon dollardan çox bazar dəyərinə malikdir və dünya üzrə ümumi reklam investisiyalarının 72,7 faizinə sahibdirlər. Rəqəmsal media və internet xidmətlərinin 2030-cu ilə qədər ümumi media sənayesi gəlirlərinin 52%-dən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycanda ümumi reklam bazarının həcmi ilə bağlı fərqli rəqəmlər təqdim olunur. Bununla belə, məşhur Statista Market İnsights saytının hesablamalarına görə, Azərbaycanda reklam bazarının həcmi 281 milyon dollardır. Bura ənənəvi və rəqəmsal media bazarı daxildir.
Azərbaycanda 12,3 milyon mobil bağlantı aktivdir ki, bu da ölkə əhalisini 18 faiz üstələyir. Azərbaycanda 7,61 milyon sosial media istifadəçisi var idi ki, bu da ümumi əhalinin 73,1 faizinə bərabərdir. Statistika göstərir ki, əvvəlki ilə nisbətən 2025-ci ildə Azərbaycanda sosial media istifadəçilərinin sayı 1,2 milyon artıb. Bu 19,2 faiz artım deməkdir. Platformaların öz statistikalarına istinad etsək, Azərbaycanda TikTok-un 7,61 milyon, Facebook-un 5,59 milyon, İnstaqramın isə 4,79 milyon istifadəçisi var. 

Rəqəmsal mətbuat bütövlükdə media üçün yeni hədəflər və eləcə də çağrışlar formalaşdırır. Amma bütün dövrlərdə peşəkar və qərəzsiz jurnalistika mətbuatın inkişafında əsas drayver rolunu oynayır. Azərbaycan Prezidenti də həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirmişdir.Bütün peşəkar jurnalistləri peşə bayramları münasibəti ilə təbrik edir, onlara vacib və şərəfli işlərində uğurlar arzulayıram!.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31