Jurnalistikaya qəbul olmaq istəyənlərə əlavə vaxt veriləcək - DİM

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün bu il qabiliyyət imtahanında yeni dəyişikliklər tətbiq olunacaq.

Dövlət İmtahan Mərkəzinin rəsmi saytındakı məlumatına görə, III ixtisas qrupu üzrə (DT altqrupu) müsabiqə şərtlərini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər 24-27 iyul saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

"Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Abituriyentlər inşa işini elektron formada yazacaqlar. Bundan əlavə, imtahan müddəti 30 dəqiqə artırılıb. Beləliklə, yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək", - DİM-in məlumatında qeyd olunub.

DİM bildirib ki, inşanın kompüterdə yazılması abituriyentlərə fikirlərini daha oxunaqlı və səliqəli təqdim etməyə, zərurət yarandıqda mətni redaktə etməyə və ayrılmış vaxtdan daha səmərəli istifadə etməyə imkan verəcək.
Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı 4 avqust 2026-cı ildə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31