Media sahəsində aparılan islahatlar bu istiqamətdə hüquqi bazanı daha da müasirləşdirib- ÖZƏL

"Müstəqil Azərbaycanda demokratik media mühitinin formalaşdırılması və söz azadlığının hüquqi təminatı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Heydər Əliyev mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirirdi: "Mətbuatın inkişafı demokratiyanın inkişafıdır." Bu siyasi yanaşmanın nəticəsi olaraq 1998-ci il 6 avqust tarixində Azərbaycanda mətbuat üzərində dövlət senzurası ləğv edildi. Bu qərar ölkənin demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsinə çevrildi və söz, fikir, məlumat azadlığının daha geniş təmin edilməsinə xidmət etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:

"Ulu Öndər digər çıxışlarında da mətbuatın dövlət və cəmiyyət qarşısında məsuliyyətini xüsusi vurğulayırdı: "Mətbuat böyük qüvvədir. Bu qüvvədən xalqın, dövlətin və cəmiyyətin mənafeləri naminə istifadə edilməlidir." Məhz həmin dövrdə söz azadlığının hüquqi təminatının möhkəmləndirilməsi, müstəqil qəzetlərin inkişafı və medianın fəaliyyətinə dövlət müdaxiləsinin minimuma endirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır: "Azərbaycanda söz azadlığı tam təmin edilir. Azad media cəmiyyətimizin inkişafı üçün vacib amildir." Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl dövlət proqramları həyata keçirilir.

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin fikir və söz azadlığını, sərbəst informasiya almaq və yaymaq hüququnu təmin edir, senzuranı qadağan edir və media azadlığının hüquqi əsaslarını müəyyənləşdirir. Son illərdə media sahəsində aparılan islahatlar bu hüquqi bazanı daha da müasirləşdirmişdir. 2021-ci ildə qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media münasibətlərinin müasir tələblər əsasında tənzimlənməsinə, jurnalistlərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə və informasiya məkanında şəffaflığın artırılmasına xidmət edir.

Media sahəsində institusional islahatların mühüm tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik media subyektlərinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media savadlılığının inkişafı, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31