Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?
11:14 SosialUşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qidalanma əsas şərtlərdən biridir. Məhz buna görə də körpələr və erkən yaşlı uşaqlar üçün istehsal olunan qida məhsullarının reklamı qanunvericiliklə ciddi qaydada tənzimlənir.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə müəyyən olunmuş tələblərin pozulması inzibati məsuliyyət yaradır.
Qanunvericiliyə görə aşağıdakı hərəkətlər yol verilən pozuntu hesab olunur:
Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş süni qida məhsullarının reklamında məhsulun hansı yaş qrupu üçün nəzərdə tutulduğunun göstərilməməsi, habelə istifadə etməzdən əvvəl həkim və ya digər ixtisaslı mütəxəssislə məsləhətləşməyin vacibliyi və ana südünün üstünlüyü barədə məlumatın yer almaması;
Uşaqların qidalanması ilə bağlı elmi araşdırmaların müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsi;
Süni qida məhsullarının satışını artırmaq məqsədilə tibb işçilərinə və ya onların ailə üzvlərinə hər hansı formada maddi və ya digər təşviqlərin verilməsi;
Körpələr üçün nəzərdə tutulmuş süni qida məhsullarının reklamının hamilə qadınlar, analar və tibb müəssisələrində yayılması.
Bu qaydaların pozulmasına görə aşağıdakı məbləğlərdə inzibati cərimə tətbiq edilir:
Fiziki şəxslər - 150 manatdan 200 manatadək;
Vəzifəli şəxslər - 250 manatdan 300 manatadək;
Hüquqi şəxslər - 750 manatdan 1 000 manatadək.
Beləliklə, qanunvericiliyin məqsədi körpələrin qidalanması ilə bağlı düzgün məlumatlandırmanı təmin etmək, ana südü ilə qidalanmanı təşviq etmək və süni qida məhsullarının qeyri-etik reklamının qarşısını almaqdır.