Deputat şəhid ailəsini ziyarət edib- ÖZƏL

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Bərdə rayonuna növbəti səfərim çərçivəsində Birinci Qazaxlar kəndində Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidimiz Pərvin Əlizadənin doğmalarını ziyarət etdim. Bu ziyarət mənim üçün müqəddəs bir əmanətə ehtiramın ifadəsi idi. Şəhidimizin valideynləri Vüqar Həsənov və Vəsilə Həsənova ilə səmimi söhbət etdik, onların qayğılarını, fikirlərini dinlədim, ehtiyacları ilə yaxından maraqlandım. Hər dəfə şəhid ailələrinin evinə qədəm qoyanda bir daha anlayıram ki, Vətənimizin azadlığı və bugünkü qüruru məhz belə igid oğulların fədakarlığı sayəsində qazanılıb.

Şəhidlərimizin ailələri bizə əmanətdir. Onların yanında olmaq, problemləri ilə maraqlanmaq və dövlətimizin yaratdığı imkanlardan faydalanmalarına dəstək vermək hər birimizin mənəvi borcudur. Bu istiqamətdə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm prioritetlərindən biridir.

Şəhid Pərvin Əlizadənin əziz xatirəsini dərin ehtiramla yad edir, onun valideynlərinə Allahdan səbir və möhkəm can sağlığı arzulayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31