İdman zamanı düzgün isinmə hərəkətlərinin edilməməsi travmalara səbəb ola bilər ÖZƏL
16:26 Sosial"Travma zamanı düzgün göstərilən ilkin yardım ağırlaşmaların qarşısını ala və bəzən həyat qurtara bilər". "Olaylar" xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktor müavini - Baş həkim Nizami Məmmədov deyib: "İlk növbədə zədələnmiş nahiyə hərəkətsiz saxlanmalıdır. Əgər sınıq və ya çıxıqdan şübhə varsa, həmin nahiyə sabitlənməli və əlavə hərəkətdən qorunmalıdır. Qanaxma hallarında isə təzyiq tətbiq etməklə qanaxma dayandırılmalıdır. Zərərçəkmiş şəxsin ehtiyatsız şəkildə hərəkət etdirilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu səbəbdən peşəkar tibbi yardımın vaxtında çağırılması həyati əhəmiyyət daşıyır.Travma çox zaman xəbərdarlıq etmədən, saniyələr içində baş verir. Lakin onun nəticələri aylarla, bəzən isə illərlə insan həyatına təsir edə bilər. Məhz belə anlarda travmatoloqlar insanın həyat keyfiyyətini yenidən qurmağa çalışan mütəxəssislər kimi çıxış edirlər".
Onun bildirdiyinə görə, idman zamanı isə düzgün isinmə hərəkətlərinin edilməməsi və ya texniki səhvlər travmaların yaranmasına gətirib çıxarır. Bu səbəbdən hər bir fəaliyyət növündə təhlükəsizlik qaydalarına riayət etmək vacibdir: "Travmaların böyük hissəsi profilaktik tədbirlər vasitəsilə qarşısı alına bilən hallardır. Bunun üçün təhlükəsizlik mədəniyyətinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi vacibdir. Avtomobildə təhlükəsizlik kəmərinin taxılması, iş yerlərində qoruyucu vasitələrdən istifadə, evdə təhlükəsiz mühitin yaradılması ciddi xəsarətlərin qarşısını ala bilər".