Naxçıvanda sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır – 93 min manatlıq zərər iddiası
15:39 SosialCulfa rayonunun Yaycı bələdiyyəsinin sabiq sədri Zülfüqar Zülfüqarovun qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
İstintaq zamanı müəyyən edilib ki, Zülfüqar Zülfüqarov 2020-2024-cü illərdə Yaycı bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi qaydalarını pozub. İstintaqın qənaətinə görə, bu əməllər nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq maddi zərər dəyib.
Araşdırma zamanı həmçinin sabiq sədrin öz qulluq mövqeyindən istifadə etməklə bələdiyyə adından torpaq icarəsi və satışı ilə bağlı iclas qərarlarında bələdiyyə üzvlərinin adından imzalar atdığı, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqlədiyi və sonradan onlardan istifadə etdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zülfüqar Zülfüqarova Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Onun barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İbtidai istintaq yekunlaşdırılıb və cinayət işi baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi təqsir sübuta yetiriləcəyi təqdirdə cərimə, müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə, islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 313-cü maddəyə görə isə vəzifə saxtakarlığına görə cərimə, islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.