Azərbaycanda vəkillərin sayı 3 mini ötdü
14:19 SosialAzərbaycanda vəkillərin sayı 3 min nəfəri ötüb. "Olaylar" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı bildirib. Onun sözlərinə görə, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək Vəkillər Kollegiyası sıralarına qoşulub:
"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir".
Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. A.Bağırov onu da bildirib ki, yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.