Süni intellekt dövründə dini diskursun necə qurulacağı indidən müzakirə edilməlidir - Şəfəq Mehrəliyeva
18:48 SosialSüni intellekt dövründə dini diskursun necə formalaşdırılacağı ilə bağlı müzakirələrə indidən başlanılmalıdır.
Bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.
O bildirib ki, son illərdə Azərbaycanda Milli Mətbuat Günü münasibətilə keçirilən Şuşa Qlobal Media Forumu media sahəsində əsas çağırışların müəyyənləşdirildiyi mühüm platformaya çevrilib və sonrakı tədbirlərdə həmin istiqamətlər üzrə müzakirələr davam etdirilir.
Şəfəq Mehrəliyeva qeyd edib ki, ötən il forumda səsləndirilən əsas fikirlərdən biri sosial media dövründə buraxılan səhvlərin süni intellekt mərhələsində təkrarlanmamasının vacibliyi idi.
Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı dini diskursun xarakterini də dəyişir və bu reallıq artıq bütün dünyada qəbul edilir.
"Bu gün "rəqəmsal din" (digital religion) artıq akademik termin kimi formalaşıb və bu istiqamətdə geniş elmi araşdırmalar aparılır. Sosial medianı və rəqəmsal dünyanı bəyənsək də, bəyənməsək də, bu, həyatımızın ayrılmaz reallığıdır. Ona görə də tənzimləyici və icraedici qurumlar problemlərin həllini məhz bu reallıqları nəzərə alaraq qurmalıdırlar", - deyə o bildirib.
Şəfəq Mehrəliyeva vurğulayıb ki, bu gün süni intellekt əsasən iqtisadi aspektdən qiymətləndirilsə də, yaxın gələcəkdə onun təsirləri daha çox sosial və mənəvi müstəvidə hiss olunacaq.
"Süni intellekt inkişaf etdikcə insanlar yalnız iş yerlərini itirmək barədə düşünməyəcəklər. İş insan üçün təkcə gəlir mənbəyi deyil, həm də xidmət missiyası, sosial münasibətlər və həyatın mənasıdır. Əgər bunlar insanın əlindən alınarsa, yaranacaq mənəvi boşluğun necə doldurulacağı əsas suallardan biri olacaq", - deyə o qeyd edib.
O bildirib ki, tarix göstərir ki, mənəvi boşluqlar uzun müddət boş qalmır və bu boşluqlar bəzən Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan ideyalarla doldurulur.
"Bu səbəbdən süni intellekt dövründə dini diskursun necə qurulacağını indidən müzakirə etməliyik", - deyə Şəfəq Mehrəliyeva vurğulayıb.
MEDİA rəsmisi qeyd edib ki, qlobal internet məkanında dini mövzular üzrə paylaşılan məzmunun həcmi artıq dünya əhalisinin sayını dəfələrlə üstələyir və belə bir şəraitdə milli yanaşmaların formalaşdırılması ciddi çağırışdır.
Onun sözlərinə görə, internet artıq sadəcə dini məlumatların yayılması vasitəsi deyil.
"Bu gün insanlar inanclarını həm real, həm də virtual mühitdə yaşayırlar. Onlayn din artıq sadəcə alət deyil, dini praktikanın özünə çevrilir. Rəqəmsal ianələr, virtual dini icmalar, hətta metavers mühitində fəaliyyət göstərən dini məkanlar bunun nümunəsidir", - deyə o bildirib.
Şəfəq Mehrəliyeva əlavə edib ki, texnologiyanın yaratdığı yeni reallıqları qəbul etmədən gələcək üçün düzgün həll yolları tapmaq mümkün deyil.
"Əgər gələcəklə bağlı həll yolları hazırlamaq istəyiriksə, bugünkü reallıqları sağlam düşüncə ilə qiymətləndirməli və özümüzü aldatmamalıyıq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsal mühit dini sahədə də mərkəzsizləşməni sürətləndirir, virtual icmalar yeni dini kimliklər formalaşdırır və bu proses Azərbaycanın milli-mənəvi dəyərləri kontekstində xüsusi diqqətlə izlənilməlidir.