Orta ixtisas təhsili ciddi böhran yaşayır- ÖZƏL

"Son illərin qəbul statistikası göstərir ki, Azərbaycanın orta ixtisas (kollec) təhsili ciddi böhran yaşayır. Ötən ilin nəticələrinə əsasən, kolleclər üzrə ayrılmış 8 144 plan yerindən 677-si boş qalıb. Bu isə ümumi plan yerlərinin 8,31 faizinin dolmadığını göstərir. Bəzi kolleclərdə vəziyyət daha da ağırdır. Məsələn, Ağdam Musiqi Kollecində plan yerlərinin 68,63 faizi, Sumqayıt Musiqi Kollecində 44,35 faizi, Şuşa Humanitar Kollecində isə 35,92 faizi boş qalıb". "Olaylar" xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli deyib: "Bu rəqəmlər təsadüfi deyil. Onlar orta ixtisas təhsilinə marağın azaldığını və bu pillənin cəmiyyət üçün cəlbediciliyini itirdiyini göstərir. Əsas problem ondadır ki, kolleclər əmək bazarının ehtiyaclarına uyğun rəqabətqabiliyyətli mütəxəssis hazırlamaqda çətinlik çəkirlər. Bir sıra pedaqoji istiqamətlər bağlanıb, bəzi ixtisaslar isə əmək bazarının real tələblərinə cavab vermir. Nəticədə, kolleclərin əsas missiyası olan praktik və peşəkar kadr hazırlığı arxa plana keçir.
Digər diqqətçəkən məqam isə odur ki, bir çox gənc kollec təhsilini məqsəd deyil, universitetə keçid üçün vasitə kimi görür. Yəni kollec, bilik və peşə qazanmaq üçün deyil, gələcəkdə ali məktəbə qəbul imkanını artıran bir "tramplin" funksiyasını yerinə yetirir.
Bu yanaşmanın nəticələri ali təhsil müəssisələrində də hiss olunur.  Bəzi universitetlər subbakalavr qəbulu ilə bağlı narahatlıqlarını ifadə edərək bu kateqoriyadan qəbul olunan tələbələrin akademik hazırlıq səviyyəsinin kifayət etmədiyini bildirirlər. Bu isə kolleclərdə tədrisin keyfiyyəti və məzun hazırlığı ilə bağlı ciddi suallar yaradır.
Artıq orta ixtisas təhsili ilə bağlı kosmetik dəyişikliklər deyil, sistemli islahatlara ehtiyac var. Kolleclərin ixtisasları əmək bazarının tələblərinə uyğun yenilənməli, işəgötürənlərlə əməkdaşlıq gücləndirilməli, praktik hazırlıq artırılmalı və bu təhsil pilləsinin nüfuzu yenidən formalaşdırılmalıdır.
Əks halda, hər il plan yerlərinin boş qalması, kolleclərin yalnız universitetə keçid mərhələsinə çevrilməsi və əmək bazarının keyfiyyətli orta ixtisaslı kadrlardan məhrum olması davam edəcək. Bu isə təkcə kolleclərin deyil, bütövlükdə ölkənin təhsil və iqtisadi inkişafı üçün ciddi çağırışdır.                                                              Statistika artıq xəbərdarlıq edir. İndi qərarvermə mərhələsidir".

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31