İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir"

İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşulub.

Musavat.com xəbər verir ki, aparıcı İradə İsak estetik əməliyyatlarla bağlı sosial şəbəkələrdə davam edən müzakirələrə münasibət bildirib.

Aparıcı paylaşımında estetik müdaxilələrin arxasında təkcə qadınların şəxsi istəklərinin dayanmadığını, bəzi hallarda kişilərin də bu prosesə təsir göstərdiyini vurğulayıb.

İradə İsak bildirib ki, estetik əməliyyat etdirən qadınların bir qisminə bu addımı atmaq üçün həyat yoldaşları təzyiq göstərir:

"Gedib estetik etdirən qadınlardan soruşun. Həkimlərin qəbulunda dayansanız, bəzi kişilərin həkimlərdən nələr tələb etdiyini görərsiniz. Özü üçün etdirən qadınlar da var. Amma sizi şok edim, bunu həyat yoldaşından tələb edən kişilər də az deyil."

O qeyd edib ki, bəzi ailələrdə qadınlar hətta həyat yoldaşının icazəsi olmadan saç rəngini belə dəyişə bilmir.

Aparıcı həkim tanışının ona danışdığı hadisəni də bölüşərək bildirib ki, estetik klinikalarda kişilərin tələbləri ilə bağlı maraqlı faktlar var. Onun sözlərinə görə, həyat yoldaşının görünüşü ilə daim lağ edən, onu başqalarının yanında alçaldan kişilər də az deyil.

İradə İsak bununla bağlı tanıdığı dırnaq ustasının hekayəsini də danışıb. O bildirib ki, qadının burnu normal olsa da, həyat yoldaşı uzun müddət onu burnuna görə ələ salıb. Nəticədə qadın estetik əməliyyat etdirmək qərarına gəlib.

Aparıcı sonda estetik sahəsindəki tələbatın formalaşmasında kişilərin də mühüm rol oynadığını iddia edərək fikrini belə yekunlaşdırıb:

"Bu industriya qadınlara görə yox, kişilərə görə çalışmağa başlayıb. Dünya iki şeyin üzərində fırlanır - tələb və təklif. Qalanı isə əfsanədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31