Gələcək nəsillər üçün təhlükə siqnalı: “Problemin həlli yolunda ciddi addımlar atılmalıdır” - ÖZƏL
09:49 Sosial"Bu gün ölkəmizin həlli vacib ətraf mühit problemlərindən biri də məişət tullantılarının idarə olunmasıdır. Qlobal iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, biomüxtəlifliyin deqradasiyası ilə yanaşı, məişət tullantılarının düzgün idarə olunmaması da ekoloji təhlükəsizlik üçün ciddi risklər yaradır". Bunu Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, əhalinin sayının artması və şəhərləşmənin genişlənməsi ilə məişət tullantılarının həcmi də ilbəil artır.
"Məişət tullantılarının toplanması, çeşidlənməsi və emalı sahəsində daha ağıllı texnologiyaların tətbiq edilməsi vacibdir. Bəziləri buna bəsit bir kommunal xidmət məsələsi kimi yanaşırlar. Halbuki bu, ciddi məsələdir. Məişət tullantılarının idarə olunması həm ətraf mühitin, həm insan sağlamlığının, həm də təbii ehtiyatların mühafizəsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır. Məişət tullantıları vaxtında daşınmadıqda və ya açıq ərazilərə atıldıqda ətraf mühit çirklənir, torpağın, su və havanın təmizliyi risk altına düşür. Məişət tullantıları toplanan ərazi müxtəlif infeksiya mənbələrinin yaranması üçün əlverişli mühitə çevrilir. Xüsusilə plastik tullantılar uzun illər ərzində təbiətdə parçalanmır, ekosistemlərə ciddi zərər vurur. İnkişaf etmiş ölkələrdə məişət tullantıları mənbəyində çeşidlənir, təkrar emala verilir. Beynəlxalq təcrübədə kağız, şüşə, plastik və metal tullantılarının ayrıca toplanması elə uğurla təşkil edilir ki, bu, təbii resurslara qənaət etməyə, poliqonlara göndərilən tullantıların həcmini azaltmağa imkan verir. Məişət tullantılarının idarə olunmasında tətbiq edilən texnologiyalar enerji sərfiyyatını azaldır, atmosferdə karbon emissiyasının aşağı salınmasına töhfə verir".
Ölkəmizdə də son illər məişət tullantılarının idarə olunması istiqamətində son illərdə mühüm addımlar atıldığını vurğulayan E.Cəfərli bildirib ki, artıq Bakıda müasir tullantı emalı infrastrukturu yaradılıb:
"Məişət tullantılarının çeşidləməsi və təkrar emalı imkanları genişləndirilir. Həm rəsmi qurumlar, həm vətəndaş cəmiyyəti tərəfindən əhalinin ekoloji maarifləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Son illər bu sahədə xeyli irəliləyiş əldə edilib. Artıq paytaxtda məişət tullantıları evlərin, məktəblərin, uşaq bağçalarının yaxınlığında yandırılmır. Amma tullantıların mənbəyində çeşidlənməsi ənənəsinin formalaşdırılması, təkrar emal sisteminin təkmilləşdirilməsi sahəsində görülməli işlər çoxdur. Fikrimcə, məişət tullantıları problemi bir neçə dövlət qurumunun, bələdiyyənin həll edəcəyi məsələ deyil. Bu işdə vətəndaş cəmiyyəti, özəl sektor, məktəb yaxından iştirak etməlidir. Ekoloji şüur ailədə formalaşmalı, məktəbdə möhkəmləndirilməlidir. Ətraf mühit problemlərinin həllinin kökündə duran əsas məsələ ictimai şüurun yetkinləşməsidir. Ekoloji tərbiyə olunmuş insan dərk edir ki, ətraf mühitin qorunması hər bir insanın ortaq məsuliyyətidir".
Ekoloq bildirib ki, əsas məsələlərdən biri də plastik tullantıların idarə olunmasıdır:
"Polietilen torbalar müasir dövrün ən ciddi ekoloji problemlərindən biri kimi nəzərdən keçirilir. Onlarla bağlı əsas təhlükə odur ki, plastik tullantılar 100-500 il yerin təkində həll olmur. Bu müddət ərzində isə onlar torpağı, çayları, gölləri və dənizləri çirkləndirir, ekoloji tarazlığı pozur, biomüxtəliflyin dayanıqlı inkişafına mane olur. Külək vasitəsilə geniş ərazilərə yayılan polietilen torbalar meşələrdə, əkin sahələrində və su hövzələrində toplanaraq canlı aləmə ciddi ziyan vurur. Quşlar, balıqlar və digər heyvanlar onları qida hesab edərək udur. Bəzən də bir sıra canlılar onlara dolaşaraq tələf olurlar. Bəzən xüsusən kənd yerlərində plastik tullantıları toplamır, çay hövzəsində, dərədə yandıraraq məhv edirlər. Lakin bu zaman atmosferə çoxlu miqdarda zərərli maddələr atılır. Bu da insan sağlamlığına təhlükədir. Problemin həlli üçün ciddi addımlar atılmalıdır. İlk növbədə birdəfəlik plastik məhsulların istifadəsi məhdudlaşdırılmalıdır. Yaxşı olar ki, insanlar tədricən plastik torbalardan imtina etsinlər. Onun əvəzinə gündəlik alış-veriş zamanı kağız və ya parça çantalara üstülük verilməlidir".
İbrahim Məmmədli