Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi

Tele-aparıcı Zaur Kamal oğlunun adından istifadə edilərək həyata keçirilən dələduzluq cəhdi ilə bağlı ictimaiyyətə müraciət edib.

Milli.Az xəbər verir ki, aparıcının sözlərinə görə, naməlum şəxslər oğlu Bartunun adından müxtəlif sənət adamlarına zəng edərək pul tələb ediblər. Bildirilir ki, həmin şəxslər Nuran və Kazım Can da daxil olmaqla bir sıra ifaçılarla əlaqə saxlayıblar.

Zaur Kamal sosial şəbəkə hesabında paylaşım edərək məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. O, hər kəsi bu cür zənglərə inanmamağa və diqqətli olmağa çağırıb.

Aparıcı paylaşımında dələduzluqda istifadə olunduğu iddia edilən telefon nömrəsini də yayımlayaraq izləyicilərini ehtiyatlı olmağa səsləyib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər bu cür dələduzluq hallarının artdığını qeyd edərək diqqətli olmağın vacibliyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31