Gözəllik diskriminasiyadır!- ÖZƏL
12:45 SosialBu replika mənə aid deyil: uzun zaman əvvəl Nərmin Kamalın belə bir yazısına rast gəlmişdim. Açığı desəm, bu fikir məni sarsıtmışdı, amma gerçəklik payı yüksək olduğunu düşünmüşdüm. Həm də bu fikir, kifayət qədər gözəl olan qadın yazar tərəfindən dilə gətirilmişdi. "Gözəllik diskriminasiyadır", amma təbii diskriminasiya (idi)! Artıq bu diskriminasiya yavaş-yavaş aradan qalxır.
Güclü-qüvvətli olmaq da diskriminasiya idi! Gücün söz sahibi olduğu toplumlarda fiziki baxımdan güclü adamlar (kişilər) lider olurdular, üstün sayılırdılar. Amma silahların ixtira edilməsi ilə kobud əl qüvvəsi yavaş-yavaş önəmini itirməyə başladı.
XIX əsrdə ilk revolveri kəşf edən və ya inkişaf etdirən Samuel Kolt haqqında belə deyirlər: "Tanrı insanları yaratdı, Kolt isə onları bərabərləşdirdi". Koltun istehsal etdiyi revolver fiziki güc fərqinin rolunu azaltdı və silah tarixində "böyük bərabərləşdirici" kimi qəbul olundu.
Beləliklə, estetik əməliyyatlar sayəsində gözəllik baxımından ayrı-seçkiliklər azalır. Estetik əməliyyatlar insanlara imkan verir ki, özlərinin daha gözəl görünmələrinə nail olsunlar. Müasir tibbi imkanlar bunu təmin edə bilir. Əgər gözəl görünmək dəyər görürsə, hər kəsin ona çatmağa haqqı da olmalıdır. Qaldı ki, əslində estetik gözəllik sünilikdir fikri, nisbidir. Hər kəs nəyin gözəl olduğuna özü qərar verir.
Əslində, estetik əməliyyatlar sadəcə cərrahi müdaxilələrlə məhdudlaşmır: estetik cərrahiyyəyə qarşı olanlara ilk xatırlatmaq istədiyim məqam budur. Qaşını götürən, dodağını boyayan, saçını rəngləyən, saçını darayan, və ya uzadıb-qısaldan, üzünü qırxan, saçını kəsən, saç əkdirən, saqqalını uzadan və dırnağını kəsən, və s. hər kəs estetik əməliyyat, yəni bədəninə estetik müdaxilə edir!
Yox, əgər təbii qalmaq istəyirsinizsə, yuxarıda qeyd etdiklərimi etməməyiniz gərəkir ki, bu halda küçəyə çıxa bilməzsiniz! Bəli, məhz küçəyə çıxa bilməzsiniz, yoxsa bunların qeyri-təbii olduğuna görə deyil. Məhz, Allahın sizi yaratdığı kimi göründüyünüzə görə, küçəyə çıxa bilməzsiniz. Qeyd etdiyim şəkildə gəzən insanlar da var: naturist və ya nudist deyirlər özlərinə, anadan doğulma üryan və estetik müdaxiləsiz ortalıqda gəzirlər. Əslində, gəzə bilmirlər, çünki toplum onları qəbul etmir.
Qısaca, estetik müdaxiləyə qarşı olan bəylər və xanımlar!
Estetik əməliyyatlar sizin düşündüyünüzdən daha geniş yayılıb. Vaxtı ilə qaş götürməyə qarşı idi bu cəmiyyət. Əgər bilmək istəsəniz, dini (islami) fikirlərə görə qaş götürməyin günah olduğuna dair hökmlər var. Bunu ilahi yaradılışa müdaxilə sayıb haram sayanlar var idi. Amma bu estetik müdaxilə o qədər geniş yayılıb ki, artıq heç kim həmin dini ehkamlara məhəl qoymur, aktuallığı itirib.
Məlum reklama gəlincə, orada açıq bir ayrı-seçkilik və ikiüzlülük özünü göstərir. Birincisi, arxada guya təbii olan xanımda hər cür ağardıcı, rəngləndirici, saçları düzləşdirici estetik müdaxilələr var. Ayrıca, "təbii" olaraq yenə də bizim toplumsal gözəllik standartlarına uyğun gələn, yəni estetik əməliyyat etməyən "gözəl qadın" seçilib. Məsələn, nə üçün təbii olaraq burnu böyük və ya əyri, qaşları bir-birinə yapışan, kök bir qadın göstərmisiniz?! Onlar təbii deyilmi? Və ya estetik əməliyyyatlı olaraq, ayıbladığınız qadının əvvəlki "təbii" görüntüsünü vermirsiniz?!
Qısaca, reklamda müqayisə üçün təqdim edilən "süni gözəllik" ilə "təbii gözəllik" arasındakı müqayisə görüntüsü həm qərəzli, həm də naqisdir.
Ümumilikdə isə, estetik əməliyyatlara, zəruri olmadıqca, getməməyin daha doğru olduğuna inanmaqla yanaşı, buna qərar verənləri və bunu edənləri mühakimə etməyin mənim işim olmadığını bildirmək istəyirəm. İnsanlar öz bədənləri üzərində haqq sahibidirlər. Mövzunu fiziki və mənəvi sağlamlıq, maddi imkanlar, estetik təsəvvürlər, ifrat istehlakçılığın tənqidi və s. baxımdan müzakirə etmək, tənqid etmək əlbəttə ki olar. Amma bir qrup insanı aşağılamaq və ya damğalamaq isə olmaz.
Asəf Qənbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent