Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib. Olaylar xəbər verir ki, Generalın şəhid olmasının ildönümündə ziyarəti gerçəkləşdirən millət vəkili bununla bağlı bildirib ki, Polad Həşimovun ailəsi ilə görüşü onun həyatının unudulmaz anlarından biri olub.
"Milli Qəhrəmanımız Polad Həşimovun ailəsi ilə görüşüm yəqin ki, ömrümün unudulmaz səhifəsi olacaq. Həyat yoldaşı Ofelya xanım, gözəl övladları - Davud, Aybəniz və Teymurun nəzərlərindən Polad Həşimovun tərcümeyi-halının təfərrüatlarına varmaq, döyüş yolunun mərhələlərinə nəzər salmaq və general kimi xarakterini öyrənmək mənim üçün çox dəyərli idi.",- deyə E.Akimova qeyd edib.
Onun sözlərinə görə, Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova öz qüruru, müdrikliyi və nəcibliyi ilə əsl qəhrəman xanımı obrazını təcəssüm etdirir.
"Ofelya Salmanova əsl qəhrəman xanımıdır. Qürurlu, mütəvazi, dolğun, kübar və nəcib! Elə övladlarını da atalarının adına layiq böyüdür. Onların hamısının xatirələrində Polad Həşimov canlı, diri və işıqlıdır", - deyə Elnarə Akimova vurğulayıb.
Millət vəkili Həşimovlar ailəsində hökm sürən mənəvi mühiti də xüsusi qeyd edərək bildirib ki, bu ailədə halallıq, dürüstlük və yüksək mənəvi dəyərlər hər addımda hiss olunur:
"Ümumiyyətlə, qonağı olduğum Həşimovlar ailəsində halallığa tapınan, dürüstlüyü özünə meyar seçən ab-hava sezdim. Tək bu mənəvi ucalıq üçün nəinki yaşamağa, ölməyə belə dəyərdi! Hələ bu ölüm bütün xalqın and yerinə çevrilibsə, belə mübarək əbədiyyətə ancaq qibtə eləmək olar. Ruhun şad olsun, general!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31