“Yeni dövrün tələbi: səmərəli su idarəçiliyinə keçid”-QHT Salyanda tədbir keçirəcək
7 İyul 10:58 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" adlı layihənin icrası davam edir.
Layihənin İcra Planına uyğun olaraq 9 iyul 2026-cı il tarixində Salyan rayonunda "Yeni dövrün tələbi: səmərəli su idarəçiliyinə keçid" adlı ictimai müzakirə keçiriləcək.
İctimai müzakirədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli, Salyan rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, rayon ziyalıları, fermerlər, ictimai fəallar, könüllü təbiətsevərlər iştirak edəcək.
Bu barədə layihənin rəhbəri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, tədbirdə layihənin məqsədi, layihə çərçivəsində görülən və görüləcək işlər barədə, həmçinin su çatışmazlığı, əkinə yararlı torpaqların şoranlaşması və ümumilikdə ekoloji problemlərin verdiyi fəsadlarla bağlı geniş məlumat veriləcək.
Ekoloq Elçin Bayramlı "Su itkilərinin azaldılmasında ağıllı sistemlərin rolu" mövzusunda məruzə ilə çıxış edəcək. O, fermerlərə müasir suvarma texnologiyalarının üstünlükləri barədə ətraflı məlumat verəcək. Ekoloq torpaq rütubətini ölçən sensorlar, avtomatik suvarma sistemləri və hava proqnozlarına əsaslanan ağıllı idarəetmə həllərinin su itkilərinin azaldılmasına təsiri haqqında danışacaq. Məruzədə damcı suvarma texnologiyalarının tətbiqi, suvarmanın optimal vaxtda aparılması və bitkilərin su tələbatına uyğun suvarma rejiminin qurulmasının əhəmiyyəti izah ediləcək. Eyni zamanda, fermerlərə su ehtiyatlarından səmərəli istifadə yolları, su israfının qarşısının alınması və iqlim dəyişiklikləri şəraitində dayanıqlı su idarəçiliyi ilə bağlı praktiki tövsiyələr veriləcək.
Sonda iştirakçıları maraqlandıran suallara cavab veriləcək, onların təklifləri dinləniləcək.
Olaylar.az