Türkan Vəlizadə: "Ailə-uşaq istəmirəm, taqətim yoxdur"
12:02 SosialMüğənni Türkan Vəlizadə Kazım Sübhana verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, artıq bu yaşdan sonra ana olmaq istəmir və həyatında baş verənləri taleyin qisməti kimi qəbul edir.
Türkan Vəlizadənin sözlərinə görə, uzun illər ailə qurmağı və övlad sahibi olmağı arzulasa da, zaman keçdikcə bu mövzuya baxışı dəyişib:
"Mənə elə gəlir ki, bu yaşımdan sonra uşaq sahibi olmaq istəmirəm. Artıq 36 yaşım var. Bu yaşıma kimi hər gün ailə və uşaq arzu etmişəm. Bunu Allah mənə nəsib etmirsə, deməli, hər şeyin vaxtı, zamanı var. Düşünürəm ki, uşaq nazı, qayğısı çəkməyə halım, taqətim yoxdur. Elə adamam ki, uşağım varsa, mən onu öz tərbiyəmlə, öz himayəmlə böyütməliyəm. Mənim isə bunu etməyə imkanım olmayacaq. Bütün gün işdə-gücdə oluram. Heç bir dayə ana deyil. Bacımın övladı üçün çox sayda dayə dəyişmişik, aralarında yaxşıları da olub. Bu vaxtdan sonra ancaq sənətimlə məşğul olmaq istəyirəm. Ailə həyatı da istəmirəm. Allah nəyi nəsib edirsə, odur. Nəsib edərsə də şükür, nəsib etməyəcəksə də yenə də ona şükür olsun. Əvvəllər qəbul etmirdim ki, niyə ailəm olmadı, indi isə çox rahatam".
Türkan Vəlizadənin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun səmimi etiraflarını anlayışla qarşılayıb, digərləri isə sənətçinin ailə və övladla bağlı qərarı barədə fərqli fikirlər səsləndiriblər.
Müğənninin açıqlaması qısa zamanda sosial mediada gündəm mövzularından birinə çevrilib.