Aqrar sahənin inkişafı üçün peşəkar kadr hazırlığı diqqətdə saxlanılmalıdır- Deputat

"Bu gün isə əsas məsələlərdən biri torpaq ehtiyatlarından səmərəli istifadə olunmasıdır". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov müzakirələr zamanı deyib: "Dövlət torpaqları var, bələdiyyə torpaqları var. Özəl torpaqlarda isə təxminən torpaqların 20 faizi mülklər arasındakı yollar və su axınları üçün istifadə olunur. Yəni kənd təsərrüfatına yararlı torpaqların təxminən 20 faizi yollara və su kanallarına sərf edilir. Torpaqlar birləşdirildikdən sonra isə həmin ərazilərdən daha səmərəli istifadə etmək mümkün olacaq. Aqrar sahənin inkişafı üçün peşəkar kadr hazırlığı da xüsusi diqqətdə saxlanılmalıdır. Ən vacib məsələlərdən biri də bundan sonra kənd təsərrüfatı sahəsi üçün peşəkar kadrların hazırlanmasıdır. Bizim ali təhsil müəssisələri məhz bu istiqamətdə mütəxəssislərin hazırlanmasına tam hazır olmalıdır".

Deputat əlavə edib ki, torpaq sahələrinin birləşdirilməsi kənd təsərrüfatına yararlı ərazilərdən daha səmərəli istifadəyə imkan verəcək: "Müsavat hakimiyyəti dövründə keçirilən kənd təsərrüfatı müşavirəsində o vaxtkı prezident fermerlərə "İstəyirsiniz məhsulu yığın, istəyirsiniz yığmayın, özünüz bilərsiniz" demişdi. Bunun nəticəsində bir il ərzində Azərbaycanda uzun illər ərzində formalaşdırılmış kolxoz və sovxozların əmlakı, mal-qarası, kənd təsərrüfatı texnikası və digər imkanları İrana satıldı, məhsul istehsal edən zavod və fabriklər isə darmadağın edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31