Əhaliyə XƏBƏRDARLIQ - Bu səhvi etsəniz, CİDDİ XƏSTƏLİKLƏ üzləşəcəksiniz
16:21 SosialYay mövsümündə havaların kəskin istiləşməsi ilə yanaşı, kondisionerlərdən düzgün istifadə edilməməsi də sağlamlıq üçün ciddi risk yaradır.
Musavat.com xəbər verir ki, sinə xəstəlikləri üzrə mütəxəssis professor Şevket Özkaya bildirib ki, bu yay insanlar ya günvurma, ya da kondisionerin yanlış istifadəsi nəticəsində yaranan sağlamlıq problemləri ilə üzləşə bilərlər.
Mütəxəssisin sözlərinə görə, son günlər hava temperaturunun normadan yüksək olması səbəbindən xəstəxanaların təcili yardım şöbələrinə günvurma və kondisionerlə əlaqəli narahatlıqlarla müraciət edənlərin sayı artıb. Xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan şəxslər və açıq havada çalışanlar yüksək risk qrupuna daxildir.
Professor Özkaya bildirib ki, günvurma təcili tibbi müdaxilə tələb edən vəziyyətdir. Orqanizmin temperaturu qısa müddətdə 41 dərəcəyə və ya daha yuxarı qalxdıqda başgicəllənmə, şüurun bulanması, nitq pozuntusu, huşun itməsi, qıcolma və ürək ritminin pozulması kimi əlamətlər yarana bilər. Vaxtında müdaxilə edilmədikdə bu vəziyyət ölümcül nəticələrə səbəb ola bilər. Daha yüngül hallarda isə güclü tərləmə, ürəkbulanma, halsızlıq və baş ağrısı müşahidə olunur.
Mütəxəssis xəbərdarlıq edib ki, texniki baxımı vaxtında aparılmayan kondisionerlərdə **Legionella** bakteriyası çoxala bilər. Bu bakteriya tənəffüs yollarına düşərək ağır sətəlcəmə səbəb ola bilər. Yüksək hərarət, öskürək, halsızlıq, oynaq ağrıları, boğaz qıcıqlanması və uzunmüddətli baş ağrısı belə halların əsas əlamətləri hesab olunur.
Professor Şevket Özkaya kondisionerin birbaşa insanın üzərinə yönəldilməməsini tövsiyə edib. Onun sözlərinə görə, otağın temperaturu 22 dərəcədən aşağı salınmamalı, cihazın filtrləri mütəmadi təmizlənməli və texniki baxışı vaxtında həyata keçirilməlidir. Bundan əlavə, isti havalarda bol su içmək, imkan daxilində sərin duş qəbul etmək, boyun və biləklərə soyuq kompres qoymaq, gündüz saatlarında pərdələri bağlı saxlamaq, pambıq və hava keçirən geyimlər seçmək, ventilyator vasitəsilə hava dövranını təmin etmək və günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.