Milli maraqların qorunması dövlətimiz üçün fundamental uğur rəmzidir- ÖZƏL
15:12 Sosial"Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara söykənən müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursu yürütmək hər bir dövlət üçün fundamental uğurun rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu prinsiplərə əsaslanan xarici siyasət strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda isə sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə mühüm töhfələr verən nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev deyib: "Milli maraqların qətiyyətlə qorunması, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənən bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına, siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə, eləcə də qlobal və regional təşəbbüslərdə fəal iştirakına əlverişli zəmin yaratmışdır. Hazırda Azərbaycan Respublikasının çoxşaxəli xarici siyasət strategiyasında müxtəlif beynəlxalq təşkilatlar və təsisatlar ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu beynəlxalq təşkilatlar sırasında Avropa İttifaqı ilə münasibətlər qarşılıqlı maraqlar, etibarlı tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında formalaşaraq siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət və digər sahələrdə davamlı inkişaf dinamikası nümayiş etdirir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya reallaşan səfəri və dövlətimizin başçısı ilə keçirilən yüksək səviyyəli görüşlər ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunun real göstəricisi, qarşılıqlı əməkdaşlığın davamlı inkişaf etdirilməsinin bariz nümunəsidir.
Səfərlə əlaqədar Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi "Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir" fikri bu dialoqun bu gün gəldiyi dinamik nöqtəni ən dəqiq şəkildə xarakterizə edir, formallaşan müsbət mühit ənənəvi sektorların sərhədlərini aşaraq, yaşıl enerjiyə keçidi, rəqəmsal transformasiya və nəqliyyat-logistika sahəsində regional bağlılıq kimi innovativ sahələrdə də dərinləşir. Azərbaycan ilə Avropa arasında yüksələn xətlə inkişaf edən bu çoxşaxəli əlaqələr həm ölkəmizin milli maraqlarına, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına xidmət edir".