Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir- ÖZƏL
15:14 Sosial"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində mətbuata verilən bəyanatlar göstərdi ki, tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, bərpaolunan enerji, iqtisadi əməkdaşlıq və regionda davamlı sülhün təmin olunması əsas müzakirə mövzuları oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son dövrdə görünməmiş dinamika nümayiş etdirir. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmiz Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşı kimi çıxış edir. Bu fakt Azərbaycanın regionun aparıcı iqtisadi gücü və etibarlı tərəfdaşı olduğunu bir daha təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev bildirdi ki, 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb və hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin mühüm komponentlərindən birinə çevrilib. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü enerji siyasəti, yaradılmış müasir infrastruktur və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Bununla yanaşı, Azərbaycan artıq yaşıl enerji sahəsində də yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın illərdə ölkədə günəş və külək enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu isə həm daxili enerji tələbatının ekoloji mənbələr hesabına ödənilməsinə, həm də daha çox təbii qazın ixracına imkan verəcək. Avropa Komissiyası da Azərbaycanın yaşıl enerji potensialını yüksək qiymətləndirərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini bəyan edib".