İnnovativ iqtisadiyyat üçün hüquqi baza yaradılır-Komitə sədri
12:36 Sosial"Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması və rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində hazırlanan qanunvericilik paketi ölkənin yeni inkişaf modelinin hüquqi əsaslarını yaradacaq. Ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətlərini özündə birləşdirən vahid rəqəmsal inkişaf arxitekturası formalaşdırılır. Bu model rəqəmsal dövlət idarəçiliyini, rəqəmsal iqtisadiyyatı və rəqəmsal cəmiyyəti əhatə etməklə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və innovasiyaya əsaslanan iqtisadi modelə keçidin sürətləndirilməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Kraudfandinq haqqında" haqqında qanun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın davamı olaraq "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "Rəqəmsal İnkişaf Konsepsiyası", "Süni İntellekt Strategiyası" və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı" qəbul edilib. Onun sözlərinə görə, hazırda bu strategiyaların hüquqi bazasının formalaşdırılması mərhələsi həyata keçirilir: "İnnovativ iqtisadiyyatın inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri, investorların hüquqlarının etibarlı qorunması, intellektual mülkiyyətin müdafiəsi və startapların təşviqi qanunvericiliklə təmin olunmalıdır. Müzakirəyə çıxarılan layihələr innovasiya sahəsində özəl sektorun genişlənməsinə, investisiyaların cəlb edilməsinə və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsinə dəstək verəcək. Hazırda dünyada rəqəmsal iqtisadiyyatın həcmi 24 trilyon dollara çataraq qlobal ÜDM-in 21 faizini təşkil edir, rəqəmsal xidmətlərin ixracı isə 4 trilyon dolları ötüb. Gələcəyin iqtisadiyyatında əsas üstünlüyü təbii sərvətlər deyil, innovasiya və yüksək texnologiyalar müəyyən edəcək. Azərbaycanda innovasiya sektorunun illik gəlirləri hazırda təxminən 1 milyard manat, ixracı isə 100 milyon dollar səviyyəsindədir. Strategiyada bu göstəricilərin azı 10 dəfə artırılması hədəflənir və bunun üçün innovasiya ekosisteminə əlverişli hüquqi mühit yaradılır".
Azər Əmiraslanovun sözlərinə görə, təqdim olunan qanunvericilik paketi kraudfandinq, vençur kapitalı və "mələk investor" institutlarının hüquqi əsaslarını formalaşdıracaq, startapların maliyyələşdirilməsi imkanlarını genişləndirəcək, innovativ sahibkarlığın inkişafını təşviq edəcək: "Dövlət innovasiyanı özü yaratmır, onun inkişafı üçün hüquqi, institusional və maliyyə mühitini formalaşdırır. Qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olacaq, milli iqtisadiyyatda keyfiyyət dəyişikliklərinə təkan verəcək".