Müəllimin ən böyük "sertifikatı" onun mənəvi keyfiyyətləridir- ÖZƏL

"Müasir dövrdə təhsilin inkişafı təkcə biliklərin ötürülməsi ilə məhdudlaşmır. Müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və innovativ yanaşmaların tətbiqi keyfiyyətli təhsil sisteminin əsas şərtlərindəndir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Müəllimin dəyərini yalnız sertifikasiya imtahanında topladığı balla ölçmək olmaz. Sertifikasiya peşəkar inkişaf üçün vacibdir, lakin müəllimlik ilk növbədə mənəviyyat, vicdan, məsuliyyət və şəxsiyyət məsələsidir. Müəllimin ən böyük "sertifikatı" onun mənəvi keyfiyyətləri, şagirdlərinə aşıladığı dəyərlər və cəmiyyətə qazandırdığı insanlardır.

Axı biz şagirdlərimizdən təkcə yüksək bal və akademik uğurlar gözləmirik. Biz yüksək əxlaqi dəyərlərə sahib, elmli, vətənini sevən, milli-mənəvi kimliyinə bağlı, cəmiyyət qarşısında məsuliyyətini dərk edən gənclər yetişdirmək istəyirik. Bizə sadəcə bilikli insanlar deyil, biliklə yanaşı yüksək mənəviyyata malik şəxsiyyətlər lazımdır. Belə bir nəslin formalaşması isə hər şeydən əvvəl müəllimin şəxsiyyətindən, mənəvi nümunəsindən və yetişdirdiyi dəyərlərdən keçir.

Müəllimin davranışı, qayğıkeşliyi, ədaləti və mənəvi duruşu şagirdlərin dünyagörüşünün və gələcəyinin formalaşmasına birbaşa təsir göstərir. Buna görə də müəllimlərimizi həm biliklərinə, həm də yüksək mənəvi keyfiyyətlərinə görə dəyərləndirməli, onların cəmiyyətdəki nüfuzunu və hörmətini daim qorumalıyıq.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin peşəkar inkişafına göstərilən dövlət dəstəyi onların bilik və bacarıqlarının artırılmasına, eyni zamanda güclü peşəkar şəbəkənin formalaşmasına mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31