Sosial şəbəkələrə yaş məhdudiyyəti: Yeni nəsli qorumağa yönəlmiş addım- ÖZƏL

Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsini nəzərdə tutan qanunvericilik dəyişiklikləri üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərə əsasən, 16 yaşadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcək, 16-18 yaş arası yeniyetmələr isə yalnız valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq, onların fiziki və psixoloji sağlam inkişafını təmin etməkdir. Qanun sosial şəbəkələrə qadağa deyil, qeydiyyat zamanı yaşın yoxlanılması mexanizmini nəzərdə tutur. Dünyanın bir çox ölkəsində də oxşar tənzimləmələr tətbiq edilir və ya hazırlanır. Qanunun 12 aydan sonra qüvvəyə minməsi, bu müddətdə isə texniki hazırlıq və maarifləndirmə işlərinin aparılması planlaşdırılır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Milli Məclisdə müzakirə edilərək qəbul olunan bu qanun, hesab edirəm ki, çox vacibdir. Çünki sosial şəbəkələr məlumat alma imkanlarını nə qədər genişləndirirsə, bir o qədər də müəyyən risklər yaradır.
Xüsusilə uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrdən geniş istifadə, eləcə də onların yaşlarına uyğun olmayan proqram və məzmunlarla qarşılaşması, əlbəttə ki, inkişaflarına mənfi təsir göstərir. Bu mənfi təsirləri azaltmaq üçün belə bir qanunun qəbul edilməsinə ciddi ehtiyac var.
Bu qanun yeni nəslin daha sağlam, daha intellektual və kənar mənfi təsirlərdən nisbətən uzaq şəkildə böyüməsinə imkan yaradır. Beynəlxalq təcrübədə də bunun nümunələri mövcuddur. Bir çox ölkələr uşaqların sosial şəbəkələrdə məruz qaldıqları mənfi təsirlərin qarşısını almaq məqsədilə oxşar hüquqi mexanizmlər tətbiq ediblər. Bu, beynəlxalq praktikada özünü doğrultmuş qərarlardan biridir və hesab edirəm ki, olduqca mühüm əhəmiyyət daşıyır.
Çünki uşaqların sosial şəbəkələrə çıxış imkanlarının genişlənməsi və onlardan istifadəsi artıq kifayət qədər ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması istiqamətində atılan addımlar sırasında belə qanunvericilik təşəbbüslərini nümunə göstərmək olar.
Bir daha qeyd etmək istəyirəm ki, bu, çox vacib, beynəlxalq təcrübəyə uyğun və dünyanın müxtəlif ölkələrində özünü doğrultmuş bir qərar kimi dəyərləndirilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31