Bağçalara elektron qəbul başlayır
18:21 SosialMəktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılır. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə iyulun 9-da saat 11:00-dan aktiv olacaq.
Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar isə saat 15:00-da başlayacaq.
Məlumatda qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.
"Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər", - deyə məlumatda qeyd edilib.