Bir vaxtlar Azərbaycanda məşhur aparıcı idi, indi ABŞ-də yuxa bişirir

 

 

Hazırda ABŞ-da yaşayan tanınmış azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva sosial şəbəkədə paylaşdığı video və açıqlaması ilə diqqət çəkib.

Musavat.com  bildirir ki, artıq 6 ildir Amerikada yaşayan Tunay Əliyeva həftə sonları restoranda çalışdığını, yuxa bişirib satdığını və bundan heç vaxt utanmadığını bildirib.

Aktrisa Amerikadakı həyatının heç də asan keçmədiyini vurğulayaraq, bu illər ərzində ciddi sağlamlıq problemləri ilə üzləşdiyini etiraf edib:
"Amerikada 6 ilim tamam oldu. Amma bu 6 ildə səhhətimlə bağlı o qədər əziyyətlər çəkdim ki, nə siz soruşun, nə də mən danışım. O dəhşətli günləri xatırlamaq belə istəmirəm. Buna baxmayaraq, ağır xəstəliklərlə mübarizə apara-apara işləməli idim. Elə buna görə də bu illərdən sonra maddi baxımdan demək olar ki, eyni nöqtədəyəm.
Amma bu gün sağlamam, güclüyəm, ümidlə doluyam. Və çox xoşbəxtəm. Həftə sonları restoranda işləyirəm və bu fiziki əmək sanki mənə böyük bir həyat məktəbi keçir.
Mənim üçün azad və müstəqil olmaq heç vaxt məsuliyyətsizlik demək olmayıb. Əksinə, azadlıq öz zəhmətinlə yaşamaq, heç kimə yük olmamaq, alın təri ilə qazandığın çörəyi qazanmaq və həyatının məsuliyyətini öz üzərinə götürməkdir".
O, halal əməyin heç vaxt utanc mənbəyi olmadığını xüsusi vurğulayıb:
"Unutmayın: heç bir halal əmək insanı kiçiltmir. İnsanı kiçildən zəhmətlə qazanılmış çörək deyil. Utanılacaq şeylər tamam başqadır. Məsələn, mənbəyi məlum olmayan, yüz minlərlə dəyəri olan mülklər və ya avtomobillər. Bax, əslində onların sahibi olanlar utanmalıdır. Halal zəhməti ilə yaşayan biz yox".

Xatırladaq ki, Tunay Əliyeva televiziya fəaliyyətinə 2009-cu ildə ANS telekanalında başlayıb. O, burada "Yallı rəqs" müsabiqəsi və "Zərif Çərşənbə" proqramlarında aparıcı kimi fəaliyyət göstərib. Daha sonra Lider TV-də yayımlanan "Dəniz döyüşü" verilişini təqdim edib, ardınca isə Space TV-də "Hava haqqında məlumat" proqramının aparıcısı olub.
Tunay Əliyeva aparıcılıqla yanaşı aktyorluq fəaliyyəti ilə də məşğul olub. O, "Əzizim Fellini" və "Ultionis" filmlərində baş rolları canlandıraraq tamaşaçıların yaddaşında qalan obrazlar yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31