“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində növbəti təlim keçirilib. Layihənin məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal bilik və bacarıqlarını inkişaf etdirmək, onların müasir informasiya texnologiyalarından səmərəli istifadə etmələrinə dəstək olmaqdır.
Layihənin beşinci dərsi "İnternetə giriş" mövzusuna həsr olunub. Təlim zamanı iştirakçılara internet anlayışı, gündəlik həyatda və təhsil prosesində rolu, eləcə də internetə qoşulma üsulları haqqında ətraflı məlumat verilib. Yeniyetmələr internet brauzerlərinin funksiyaları, veb-səhifələrin açılması, axtarış sistemlərindən düzgün istifadə qaydaları və etibarlı məlumat mənbələrinin seçilməsi ilə tanış olublar.
Praktiki hissədə uşaqlar kompüter vasitəsilə internetə daxil olaraq müxtəlif mövzular üzrə axtarış aparıb, faydalı məlumatların əldə edilməsi yollarını öyrəniblər. Onlara açar sözlərdən düzgün istifadə, axtarış nəticələrinin qiymətləndirilməsi və lazımi məlumatın daha qısa zamanda tapılması üsulları izah edilib. Təlim zamanı internetdən təhsil məqsədilə səmərəli istifadə imkanları da nümayiş etdirilib.
Məşğələnin mühüm hissəsi internet təhlükəsizliyinə həsr olunub. Yeniyetmələrə şəxsi məlumatların qorunması, güclü parolların yaradılması, tanımadıqları şəxslərlə ünsiyyətdə diqqətli olmaları, şübhəli keçidlərə daxil olmamağın vacibliyi və kibertəhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Təlimçi internetdən istifadə zamanı məsuliyyətli davranışın əhəmiyyətini xüsusi vurğulayıb.
İnternetdən düzgün və təhlükəsiz istifadə bacarığı müasir dövrdə hər bir gənc üçün zəruri rəqəmsal kompetensiyalardan biridir. Bu biliklərin erkən yaşlardan formalaşdırılması yeniyetmələrin informasiya resurslarından səmərəli faydalanmasına, təhsil imkanlarını genişləndirməsinə və rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişləri qazanmasına mühüm töhfə verir.
Layihə çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində kompüterin müxtəlif mövzuları üzrə nəzəri və praktiki təlimlər davam etdirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31