Azərbaycan İKT sahəsində regionun aparıcı dövlətinə çevrilməyi hədəfə alıb

İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müasir dünyada informasiya və kommunikasiya texnologiyaları dövlətin və cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Demək olar ki, fəaliyyətimizin bütün sahələrini əhatə edən informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir, cəmiyyəti və dövlətləri də  bu inkişaf səviyyəsi ilə uyğunlaşmağa sövq edir. Nəzərə almaq lazımdır ki, onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcuddan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Məhz bu kimi amillər nəzərə alınaraq son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Məqsəd informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Qarşıya qoyulan hədəfə çatmaq məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə  rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində  prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Dövlət başçısının tapşırığı əsasında rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. Ölkədə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmub.

Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur: "Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq. Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır". İclasda verilən mesajlar da təsdiqləyir ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi, geosiyasi və texnoloji rəqabət landşaftında daha güclü mövqe qazanması üçün prinsipial addımlar atılacaq.

Sirr deyil ki, Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətinə çevrilməyi hədəfə alıb. Ölkəmiz rəqəmsal inkişaf və süni intellekt  sahələrində regional liderlik hədəfinə çatmaq üçün iddialı strategiyalar həyata keçirir. Bu istiqamət ölkənin dövlət siyasətinin mərkəzi prioritetlərindən biri kimi müəyyən edilib. Üstəlik Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması dövlət idarəçiliyində innovativ yanaşmaların genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellektdən səmərəli istifadənin sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm addım hesab olunur. İnkişaf hədəfləri ilə yanaşı, kiber və informasiya təhlükəsizliyinin qorunması, eləcə də startapların dəstəklənməsi xüsusi diqqət mərkəzindədir. Azərbaycanın bu sahədə atdığı addımlar deməyə əsas verir ki, artıq rəqabət yalnız ənənəvi sektorlar deyil, həmçinin süni intellekt və rəqəmsal inkişaf üzrə aparılır. Bu kontekstdən Azərbaycanda həyata keçirilən sistemli tədbirlər bir tərəfdən bu sahədə daha çox dəyər yaratmaqla iqtisadi diversifikasiyanın sürtələnməsinə, digər tərəfdən isə iqtisadi artım innovativ sektorlar vasitəsi ilə dəstəklənməsinə imkan yaradacaq.

Yeri gəlmişkən xatırladaq ki, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bir sıra mühüm işlər görülüb. Məlum olduğu kimi fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Hazırda 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb ki, onlardan 13-ü artıq təsdiqlənib. "Mygov" platformasının xidmət dairəsi genişləndirilib, son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb. Məlumdur ki, rəqəmsal inkişaf ölkənin bütün sahələrini, o cümlədən təhsil və elmi əhatə edərək yeni cəmiyyət quruculuğunu formalaşdırır. Azərbaycanın yaxın və ortamüdətli dövr üzrə inkişafının əsas xətti texnologiyalar, intellektual sənaye cəmiyyəti, zəka mühəndisliyinin möhkəmlənməsidir.

Azərbaycanda informasiya texnilogiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlər deməyə əsas verir ki, İKT-nin tətbiqi daha sürətli informasiya mübadiləsi, yüksək məhsuldarlıq, keyfiyyətli xidmətlər, təhsil və iqtisadi inkişaf, həmçinin insanların həyat səviyyəsinin yüksəlməsi dövlətin prioritet istiqamətlərindən biridir. 

Alim Hüseynli 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31