“Mediatorun masaüstü kitabı”nın təqdimat mərasimi keçirilib- ÖZƏL
14:21 Sosial1 iyul 2026-cı il tarixində Mediasiya Şurasının tövsiyəsi ilə Avropa Şurası tərəfindən ekspert qismində cəlb edilmiş təlimçi mediatorlar - Sadiq Bağırov, Fərhad Mehdiyev, Natəvan Rüstəmova və Paşa Səfərovun müəllifi olduqları "Mediatorun masaüstü kitabı"nın ictimai təqdimat mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Avropa Komissiyasının eksperti Leonid Antohi, Vəkillər Kollegiyasının üzvü, Qadın Vəkillər Alyansı - Women Lawyers Alliance sədri, eyni zamanda mediator Dilarə Əfrasiyabova, kitabın müəllifləri Natəvan Rüstəmova, Sadiq Bağırov (Sadiq Bagirov), və Paşa Səfərov çıxış ediblər. Təqdimat mərasimində ölkənin müxtəlif bölgələrindən 100-dən çox mediator iştirak edib.
Çıxış edənlər mediasiya institutunun inkişafında peşəkar bilik və bacarıqların artırılmasının əhəmiyyətini vurğulayaraq, "Mediatorun masaüstü kitabı"nın mediatorlar üçün praktik vəsait kimi mühüm rol oynayacağını bildiriblər.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun inkişaf istiqamətlərindən bəhs edərək, mediatorların peşəkar hazırlığının gücləndirilməsinin və praktik biliklərin sistemli şəkildə artırılmasının vacibliyini qeyd edib. O, nəşrin mediatorların gündəlik fəaliyyətində etibarlı istinad mənbələrindən biri olacağına əminliyini ifadə edib.
Avropa Komissiyasının eksperti Leonid Antohi kitabın hazırlanmasını mediasiya sahəsində beynəlxalq təcrübənin və müasir yanaşmaların tətbiqinə mühüm töhfə kimi qiymətləndirib. O, bu cür vəsaitlərin mediatorların peşəkar inkişafını dəstəklədiyini və mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Qadınlar Alyansının sədri və mediator Dilara Əfrasiyabova mediasiyanın hüquqi mübahisələrin sülh yolu ilə həllində artan rolundan bəhs edərək, kitabın həm fəaliyyət göstərən mediatorlar, həm də bu sahəyə yeni başlayan mütəxəssislər üçün faydalı mənbə olacağını vurğulayıb.
Kitabın müəllifləri Natəvan Rüstəmova, Sadiq Bağırov və Paşa Səfərov nəşrin hazırlanma prosesi, əsas məqsədi və məzmunu barədə məlumat veriblər. Bildirilib ki, kitab mediasiya prosesinin mərhələləri, rəhbər prinsiplər, mediatorun peşəkar bacarıqları, aktiv dinləmə, tərəfsizlik, prosesin idarə olunması, sazişin hazırlanması və digər praktiki mövzuları əhatə etməklə mediatorların gündəlik fəaliyyətində istifadə edə biləcəyi masaüstü vəsait kimi hazırlanıb.
Qeyd edək ki, "Mediatorun masaüstü kitabı" mediasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və vahid peşəkar yanaşmanın formalaşdırılması məqsədilə hazırlanıb. Kitabda mediasiya prosesi, mediasiya sessiyasının təşkili, mediatorun peşəkar keyfiyyətləri, dəstək bacarıqları və prosesə nəzarət kimi mühüm istiqamətlər üzrə praktiki tövsiyələr yer alır. Bu vəsaitin mediatorların gündəlik fəaliyyətində faydalı istinad mənbəyi olacağı gözlənilir.