“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi ilə əlaqədar görüş keçirilib
13:00 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG III)" proqramının 2023-2027-ci illəri əhatə edən üçüncü mərhələsi çərçivəsində həyata keçirilən "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi ilə əlaqədar ölkəmizdə səfərdə olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə CEPEJ ekspertləri Rimantas Simaitis və Karim Salem, proqram meneceri Leonid Antonih, Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Fərdin Xəlilov və Akademiyanın digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin Beynəlxalq müqavilələr idarəsinin rəisi Könül Yusifli iştirak ediblər.
Görüş zamanı Ədliyyə Akademiyasında mediatorların hazırlanması istiqamətində görülən işlər və gələcək fəaliyyət planları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanda mediasiya institutunun inkişafı, mediatorların peşə hazırlığının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində aparılan işlərdən danışılıb.
Görüş çərçivəsində CEPEJ-in ekspertləri tərəfindən Avropa ölkələrinin qabaqcıl təcrübələri barədə məlumat təqdim olunub, mediasiyanın inkişafı sahəsində həyata keçirilən islahatlar və mövcud çağırışlar müzakirə edilib.