Elmi fəaliyyətdə çempionluğun tarixi olur: qəfil elmi məhsuldarlıq akademik suallar doğurur ÖZƏL

"İdmanda belə bir həqiqət var: ömrü boyu ciddi nəticə göstərməyən bir idmançı qəfil dünya çempionu olsa, təbii olaraq hər kəs bunun səbəbini sorğulayar. Çünki yüksək nəticənin arxasında adətən uzun illərin zəhməti, ardıcıl inkişafı və uğur tarixçəsi dayanır". Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib:

"Elm də fərqli deyil. Elmi fəaliyyət təsadüfi deyil, illərlə formalaşan tədqiqat mədəniyyətinin, nəşr təcrübəsinin və elmi məhsuldarlığın nəticəsidir. Bu baxımdan cəmiyyətin belə suallar verməsi tamamilə təbiidir: uzun illər ərzində ciddi elmi nəşrləri, beynəlxalq akademik fəaliyyəti və tanınmış elmi nəticələri görünməyən bir tədqiqatçı necə olur ki, qısa müddət ərzində dünyanın nüfuzlu elmmetrik bazalarında çoxsaylı məqalələrin müəllifi kimi görünür?

Əgər əvvəllər hətta regional və ya milli indekslərdə belə müntəzəm elmi fəaliyyəti müşahidə olunmurdusa, sonra isə bir il ərzində onlarla Scopus indeksli məqalə dərc edilirsə, bu, təbii olaraq akademik ictimaiyyətdə suallar yaradır.

Belə hallarda ən düzgün cavab şübhə deyil, şəffaflıqdır. Elmi məqalələrin müəlliflik töhfələri, tədqiqatın aparılma prosesi, beynəlxalq əməkdaşlığın xarakteri və nəşr tarixi açıq şəkildə göstərildikdə bütün suallar öz cavabını tapır.

Elmdə etimadın əsas şərti təkcə nəticə deyil, həmin nəticəyə aparan yolun da şəffaf və akademik etikaya uyğun olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31