Azərbaycanlıdan böyrəyini alan alman qadın danışdı – milyonluq orqan alveri şəbəkəsinin ŞOK DETALLARI

Almaniyada mühakimə olunan 73 yaşlı Sabina Fişer-Kuklerin məhkəmədə verdiyi ifadələr beynəlxalq orqan alveri ilə bağlı yeni və sensasion faktları üzə çıxarıb. Ən diqqətçəkən məqam isə alman qadına köçürülən böyrəyin donorunun Azərbaycandan olan gənc bir kişi olmasıdır. İstintaqın ortaya çıxardığı faktlar göstərir ki, Keniyada həyata keçirilən transplantasiya əməliyyatının arxasında milyonlarla avro dövriyyəsi olan beynəlxalq şəbəkə dayanır.

Musavat.com xəbər verir ki, Almaniyanın Bavariya əyalətində yerləşən Vaysenburq şəhər məhkəməsində baxılan cinayət işi Avropanın ən çox müzakirə olunan hüquqi proseslərindən birinə çevrilib. Təqsirləndirilən şəxs - 73 yaşlı Sabina Fişer-Kukler orqan alverini təşviq etməkdə ittiham olunur.

Prokurorluğun qənaətinə görə, Almaniyada donor orqanı tapa bilməyən qadın Keniyaya gedərək qanunsuz transplantasiya əməliyyatı etdirib. Əməliyyatın təşkilatçısı isə uzun müddətdir müxtəlif ölkələrdə fəaliyyəti araşdırılan İsrail mənşəli "Medlead" adlı vasitəçi şirkət olub.

Məhkəmə sənədlərində yer alan məlumata görə, Sabina Fişer-Kuklerə böyrəyini verən şəxs Azərbaycandan olan gənc kişi olub.

Onun adı hüquqi səbəblərdən açıqlanmır. Lakin Almaniya mediasında yayılan məlumatlara görə, donor iqtisadi vəziyyəti ağır olan şəxslər sırasından seçilib.

İstintaq orqanları hesab edir ki, həmin şəxsin heç bir maddi maraq olmadan sağlam böyrəyini tanımadığı xarici vətəndaşa bağışlaması inandırıcı görünmür. Əsas ehtimal donorun müəyyən məbləğ müqabilində buna razı salınmasıdır.

Əgər bu fakt tam sübuta yetirilərsə, söhbət artıq yalnız qanunsuz transplantasiyadan deyil, transmilli orqan alveri şəbəkəsinin fəaliyyətindən gedəcək.

Sabina Fişer-Kukler Almaniyadan olan jurnalistlərə müsahibəsində ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, böyrək köçürülməsi ilə bağlı müqaviləni imzalayarkən xüsusi olaraq donorla maliyyə əlaqəsinin olmamasına diqqət yetirib: "Mənim üçün əsas məsələ müqavilədə donora birbaşa pul ödəmədiyimin göstərilməsi idi. Çünki mən bunu klassik orqan alveri hesab edirdim. Mənim ödənişim yalnız təşkilata idi".

Lakin Almaniya prokurorluğu hesab edir ki, ödənişin vasitəçi şirkət üzərindən həyata keçirilməsi cinayətin mahiyyətini dəyişmir. Donorun maliyyə qarşılığında orqan verməsi sübuta yetirilərsə, bu, Almaniya qanunvericiliyinə görə orqan alveridir.

Əməliyyatın qiyməti yüz minlərlə avro olub

Sabina Fişer-Kukler bildirib ki, Keniyaya səfər, xəstəxanada qalma, əməliyyat, tibbi xidmət və sonrakı müalicə üçün altırəqəmli avro məbləğində ödəniş edib.

Bu pulların necə bölüşdürüldüyü isə hələ də məlum deyil. İstintaqın araşdırdığı əsas məsələlər sırasında donora nə qədər pul verilməsi, vasitəçi şirkətin nə qədər qazanc əldə etməsi, xəstəxana rəhbərliyinin bu sxemdə hansı rolu oynaması, əməliyyatda iştirak edən həkimlərin qanunsuz sxemdən xəbərdar olub-olmamalarıdır.

İstintaq materiallarından məlum olur ki, "Medlead" müxtəlif ölkələrdən ağır böyrək çatışmazlığından əziyyət çəkən pasiyentləri Afrika ölkələrində yerləşən klinikalarla əlaqələndirib. Şirkət donorlarla əlaqəsinin olmadığını iddia etsə də, hüquq-mühafizə orqanları hesab edir ki, donorların tapılması və bütün prosesin koordinasiyası məhz vasitəçi şəbəkə tərəfindən həyata keçirilib.

Bu səbəbdən Almaniyada "Medlead" ətrafında ayrıca beynəlxalq istintaq başladılıb. Maraqlıdır ki, istintaq təsadüf nəticəsində başlayıb. Belə ki, transplantasiya əməliyyatı keçirmiş bəzi alman pasiyentlər "Medlead"in internet saytında təşəkkür videoları yayımlayıblar.

Bu videolar hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Araşdırmalar zamanı məlum olub ki, müxtəlif ölkələrdən olan onlarla xəstə eyni sxem üzrə Keniyada transplantasiya əməliyyatı keçirib. Bundan sonra Almaniya prokurorluğu genişmiqyaslı araşdırmalar aparıb və nəticədə əldə olunan məlumatlar əsasında istintaq başlayıb.  

Məhkəmədə çıxış edən tanınmış nevroloq professor Tomas Müller ölkəsindəki vəziyyəti dramatik adlandırıb.

Onun araşdırmasına görə, Almaniyada donor orqanı gözləyən hər 5 xəstədən biri qanunsuz yollarla xaricdə böyrək almağa hazır olduğunu etiraf edib. Bu fakt donor çatışmazlığının insanları necə çıxılmaz vəziyyətə saldığını göstərir. Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, xəstələrin çarəsizliyi heç bir halda yoxsul insanların istismarına haqq qazandıra bilməz.

Azərbaycanlı donorun adının bu cinayət işində hallanması ölkəmiz üçün də ciddi narahatlıq doğurur.

Son illər beynəlxalq təşkilatlar dəfələrlə xəbərdarlıq ediblər ki, sosial vəziyyəti ağır olan insanlar transmilli orqan alveri şəbəkələrinin əsas hədəflərinə çevrilirlər.

Belə şəbəkələr internet, sosial media və müxtəlif vasitəçilər vasitəsilə donor axtarır, sonradan isə onları Afrika, Asiya və Yaxın Şərq ölkələrində yerləşən klinikalara aparırlar. Hazırda Vaysenburq məhkəməsində əsas müzakirə mövzusu Sabina Fişer-Kuklerin bu sxemin iştirakçısı olub-olmamasıdır. O, doğrudanmı donorun pul aldığını bilməyib? Yoxsa ödənişi vasitəçi şirkət üzərindən etməklə hüquqi məsuliyyətdən yayınmağa çalışıb?

Bu suallara məhkəmə yekun qərarında hüquqi qiymət verəcək.

Ancaq artıq indidən aydın görünür ki, Vaysenburq məhkəməsində əslində milyonlarla avro dövriyyəsi olan, yoxsul insanların çarəsizliyindən qazanc əldə edən və müxtəlif ölkələri əhatə edən beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti araşdırılır. Azərbaycanlı donorun adının bu işdə hallanması isə məsələyə ölkəmiz üçün əlavə həssaslıq qazandırır. İstintaqın gələcək mərhələlərində donorun bu əməliyyata hansı şəraitdə cəlb edildiyi, ona həqiqətən ödəniş edilib-edilmədiyi və şəbəkənin digər iştirakçılarının kimliyi ilə bağlı yeni faktların ortaya çıxacağı istisna olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31