Rusiyanın yeni qərarı azərbaycanlılara necə təsir edəcək? – Ekspertdən diqqətçəkən açıqlama
14:13 SosialAzərbaycan və Rusiya arasında uzun illərdir qüvvədə olan vizasız gediş-gəliş rejimi iki ölkə vətəndaşlarının sərbəst hərəkətini təmin edən əsas mexanizmlərdən biri hesab olunur. Hər il yüz minlərlə azərbaycanlı iş, təhsil, ailə ziyarəti, turizm və digər məqsədlərlə Rusiyaya səfər edir.
Lakin iyulun 1-dən etibarən bu səfərlərlə bağlı mühüm yenilik qüvvəyə minib və Rusiyaya vizasız gedən Azərbaycan vətəndaşları üçün əlavə prosedur tətbiq olunmağa başlayıb.
Yeni qaydalara əsasən, Rusiya ərazisinə daxil olmaq istəyən xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları səfərdən əvvəl xüsusi elektron qeydiyyatdan keçməli olacaqlar. Rəsmi Moskva bu addımın sərhəd nəzarətinin gücləndirilməsi, təhlükəsizliyin artırılması və miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi məqsədi daşıdığını bildirsə də, yenilik artıq müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu müasir rəqəmsal idarəetmənin tərkib hissəsi kimi qiymətləndirir, digərləri isə vizasız rejimin faktiki olaraq yeni şərtlərlə müşayiət olunmasının gələcək nəticələrinin diqqətlə izlənilməli olduğunu düşünür.
Onu da qeyd edək ki, yeni qayda Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, diplomatlara, xidməti pasport sahiblərinə və rəsmi nümayəndə heyətlərinin üzvlərinə şamil edilmir.
Bəs Azərbaycanla Rusiya arasında vizasız gediş-gəliş rejimi qüvvədə qaldığı halda, belə bir elektron qeydiyyat tələbi faktiki olaraq əlavə məhdudiyyət hesab oluna bilərmi? Bu addım gələcəkdə vizasız rejimin şərtlərinin daha da sərtləşdirilməsinin başlanğıcı sayıla bilərmi? Yeni qayda Azərbaycan vətəndaşlarının Rusiyaya səfərlərinə və əmək miqrasiyasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı siyasi analitik Natiq Cəfərli Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, yeni qayda təkcə Azərbaycan vətəndaşlarına deyil, ümumiyyətlə, Rusiyaya daxil olan bütün miqrantlara aiddir:
"Rusiya son dövrlər miqrasiya siyasətini sərtləşdirməyə çalışır. Bunun əsas səbəblərindən biri isə miqrantlara qarşı müəyyən ictimai rəyin və mənfi ab-havanın formalaşdırılmasıdır. Çünki Rusiyada artıq daxili düşmən axtarışı prosesi sürətlənib. Ukrayna cəbhəsində yaşanan uğursuzluqlar və ümumilikdə ölkə daxilində baş verən proseslər fonunda hakimiyyət cəmiyyətə yeni hədəflər göstərməyə çalışır. Obrazlı desək, dırnaq içində "vətənpərvər" və millətçi çevrələrə yeni hədəflər təqdim edilməlidir. Bu hədəflərdən biri də məhz miqrantlardır.
Bu baxımdan miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi müəyyən mənada cəmiyyətdən gələn tələblərə cavab kimi Kremlin atdığı addım kimi qiymətləndirilə bilər. Düzdür, burada vizasız gediş-gəliş rejimi ləğv edilmir, lakin elektron qeydiyyat tələbi tətbiq olunur. Məhz bu məqam müəyyən problemlər yarada bilər.
Belə ki, bir çox insanların yeni qaydalardan vaxtında xəbəri olmaya bilər. Eyni zamanda, hər kəs elektron sistemlərdən istifadə etmək imkanına malik deyil. Rusiyaya səfər edən yaşlı insanlar var, texnologiyadan istifadə etməkdə çətinlik çəkənlər var, rus dilini bilməyən şəxslər var. Bütün bunlar elektron qeydiyyat prosesində əlavə çətinliklər yarada bilər.
Ona görə də yeni qaydaların tətbiqi təkcə azərbaycanlılar üçün deyil, digər MDB ölkələrinin vətəndaşları, eləcə də Rusiyaya xaricdən səfər edən çoxsaylı insanlar üçün müəyyən problemlər və əlavə maneələr yarada bilər".