Siyasi iradənin olması icranın 50%-nin olması deməkdir- ÖZƏL
13:54 SosialRəqəmsal İnkişaf Şurasının ilk iclasında birinci vitse-prezident Mehriban Əliyevanın 3 önəmli sitatı ciddi təhlillər tələb edir. Birinci sitat budur ki, "Biz yaranan risklərə hazır olmalıyıq". Həqiqətən də süni intellekt, texnoloji inkişaf bir sıra ölkələr üçün ciddi risklər formalaşdırır. Bunlar təkcə hər birimizin hər gün mətbuatdan oxuduğumuz risklər deyil. Bu risklərin bir çoxu dövlətçilik, milli təhlükəsizlik, iqtisadi inkişaf və digər strateji istiqamətlər üzrədir. İndiyə qədər çeynənmiş klişe risklərdən əlavə digər strateji risklərin də müəyyənləşdirilib yumşaldılması üçün tədbirlərin görülməsi növbəti 3 ilin əsas prioritetlərindən biri olacaq!
Digər sitat budur ki, "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir". Ortaya siyasi iradə qoyulub, vizyon müəyyən olunub. Səsləndirilən bu vizyonu gerçəkləşdirmək üçün düzgün strategiyanın müəyyən olunması doğru sualların qoyuluşundan keçir. 2022-ci ildə Özbəkistanda bir forumda iştirak məqsədilə səfərim zamanı televiziyalar müsahibə götürərkən mənə verilən suallar və cavablarımın bəziləri (qısa yazıram): Rəqəmsallaşma nədən başlayır? sualına cavabım "düzgün ekosistemin formalaşmasından..." Düzgün ekosistemin formalaşması üçün ilkin tələb nədir? sualına cavabım düzgün təməlin qoyulması, data kültürünün və ilkin vahid data reyestrlərinin formalaşması və bundan sonra inteqrasiya. İlk addımlar nələr olmalıdır, inteqrasiyanın əhatə dairəsi və hədəfləri, rəqəmsallaşmanın istiqamətləri və sair ilə bağlı cavablarımı tam olaraq yazıb yazını uzatmaq istəmirəm.
Biz süni intellekt, rəqəmsallaşma və data mərkəzləri məsələlərində diqqətli olmalıyıq. Bunların hər bir ayrı-ayrı strateji yanaşma tələb edir, bir-birlərini ilkin deyil, son mərhələdə tamamlayır və tamamilə fərqli anlayışlardır. Bir də biz rəqəmsallaşma ilə rəqəmsal xidmətlərin də eyni çəkidə olmadığını nəzərə almalıyıq. Rəqəmsallaşma və xidmətlərin rəqəmsallaşması fərqli yanaşmalar tələb edir. Xidmətlərin rəqəmsallaşdırılması rəqəmsallaşmanın bir hissəsidir. Ən vacib məqam isə budur ki, data kültürü olmadan, datanı dərk etmədən, vacibliyini hiss etmədən bizim rəqəmsal inkişafda ciddi maneə və çətinliklərlə üzləşmək risklərimiz yüksəkdir.
Üçüncü bir vacib sitata da toxunmaq istərdim. "Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır." Önəmli mesajdır. İqtisadiyyatda olduğu kimi bu sahədə də copy-paste (kopyala yapışdır) yanaşması və ya bu məsələdə digər ölkələrin aktiv fazalarda cəlbi sonradan müəyyən fəsadlar yarada bilər. Biz ayrı-ayrı iqtisadiyyatlarda da bu fəsadları görürük. Biz bu sahədə nə ediriksə öz imkanlarımız, potensialımızla etməliyik. ABŞ, Çin başda olmaqla istisnasız olaraq bütün ölkələr, o cümlədən Türkiyə, Avropa ölkələri, Özbəkistan, Qazaxıstan, Ukrayna, Ermənistan, Gürcüstan, Baltikyanı və sair ölkələr bu sahədə müəyyən mərhələləri yalnız özləri öz milli maraqları çərçivəsində öz hesablarına həyata keçirirlər. Bu çox incə nüansdır.
Ölkə Prezidentinin Fərmanı ilə yaradılmış bu Şura, Fərmanda qeyd olunan istiqamətlər, Şuranın iclasında Sədrin səsləndirdiyi fikirlər və qeyd etdiyim sitatlar siyasi iradənin olduğunun bir daha bariz nümunəsidir. Siyasi iradənin olması icranın 50%-nin olması deməkdir. Qalan 50% düzgün icra isə qeyd olunan vizyonun gerçəkləşməsi üçün müəyyən olunacaq peşəkar yanaşma, strateji addım, taktika və hədəflərin düzgün seçimindən, yanaşma tərzlərindən və qurumlarda bu məsələlərin vəzifəsindən asılı olmayaraq (ilk növbədə qurum rəhbəri olmaqla) hər kəs tərəfindən mənimsənilməsindən (bu sahədə də təəssüf ki, ciddi çağırışlar mövcuddur) asılıdır.
Düşünürəm ki, iclasda səsləndirilən mesajlar və qeyd etdiyim 3 sitat qoyulan tapşırıqları yerinə yetirərkən əsas strateji istiqamətlərə çevriləcək.
Elman Sadıqov
İqtisadçı ekspert