Ən aşağı faizlə kredit verən 5 bank - Reallıq, yoxsa reklam oyunu?

Bəzi banklar kreditlərini 9-9,9 faizdən başlayan illik faiz dərəcələri ilə təklif etsə də, reallıq başqa olur.

Milli.Az-ın məlumatına görə, məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, ən aşağı faizlə kredit təklif etdiyini bildirən banklar sırasında UniBank (9%), AccessBank (9,5%), Rabitəbank (9,5%), Bank of Baku (9,9%) və Expressbank (9,9%) yer alır.

Banklara sosial şəbəkələr vasitəsilə ünvanladığımız sorğularda reklam olunan faiz dərəcələrinin hansı müştərilərə və hansı məbləğdə kreditlərə tətbiq edildiyi öyrənməyə çalışılsaq da, konkret cavab almaq mümkün olmadı.

Banklar bildiriblər ki, kreditin məbləği və faiz dərəcəsi yalnız müştərinin rəsmi müraciətindən sonra, kredit mütəxəssisləri tərəfindən araşdırıldıqdan sonra müəyyən olunacaq. 

Bu isə reklamda göstərilən ən aşağı faiz dərəcələrinin bütün müştərilərə şamil olunmadığını göstərir. Nəticədə bəzi vətəndaşlara reklam olunan 9-9,9 faiz əvəzinə daha yüksək faizlə kredit təklif oluna bilər ki, bu da vətəndaşların banklara etimadsızlığına səbəb olur. 

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bəzi banklar reklamlarında aşağı faiz dərəcəsini ön plana çıxarsalar da, kreditin ümumi dəyəri təkcə faizdən ibarət olmur.

İqtisadçının sözlərinə görə, kredit rəsmiləşdirilməsi zamanı komissiyalar, sığorta haqları, xidmət ödənişləri və digər əlavə xərclər də tətbiq oluna bilər:

"Nəticədə müştərinin ödədiyi ümumi məbləğ ilkin reklamda göstərilən faizdən daha yüksək olur. Buna görə də kredit götürməzdən əvvəl müqavilənin bütün şərtlərini diqqətlə oxumaq, effektiv illik faiz dərəcəsini və bütün əlavə ödənişləri nəzərə almaq vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31