“Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr edilmiş "Birinci Türkoloji Qurultay" kitabının təqdimatı keçirilib.

İyunun 30-da TMİF-in qərargahında təşkil olunan təqdimatda bildirilib ki, kitab Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifliyi ilə nəşrə hazırlanıb.

Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı Raimkulova qeyd edib ki, kitabda Birinci Türkoloji Qurultayın tarixi missiyası hərtərəfli araşdırılıb. Əsərdə qurultayda müzakirə olunan əlifba, dil, terminologiya, etnoqrafiya, orfoqrafiya, ana dilinin tədrisi, regionşünaslıq və ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirilib.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayevin bildirib ki, ötən yüz il ərzində çoxsaylı böyük fəlakətlər və faciələr baş versə də, türkologiya sahəsində tədqiqatlar heç vaxt zəifləməyib və dayanmayıb.

"Kitabın qazax və rus dillərində nəşr olunmuş nüsxələri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də təqdim edilib. O bu əsərin əhəmiyyətini xüsusi vurğulayaraq bizə belə bir tapşırıq verdi: "Qurultayın 100 illiyinə həsr olunmuş, Bakıda keçirilən bu möhtəşəm və yüksəksəviyyəli "Türk Dünyası Həftəsi"nə getməli və həmçinin mənim mesajımı da orada çatdırmalısınız", - deyə Malik Otarbayev bildirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, monoqrafiyanın həmmüəllifləri və digər çıxış edənlər nəşr haqqında ətraflı söz açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31