Milli tərəqqi ana dilinin qorunması və inkişafı ilə sıx bağlıdır- ÖZƏL

"I Türkoloji qurultayın 100 illiyinə həsr olunmuş qurultayda müzakirə olunan əsas məsələlərdən biri də dil və milli kimlik münasibətləri idi. XX əsrin əvvəllərində türk xalqları arasında milli özünüdərk prosesinin sürətlənməsi ana dilinə münasibəti də dəyişdirmişdi. Dil milli kimliyin əsas göstəricilərindən biri kimi qəbul edilirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məcllisin deputatı Jalə Əliyeva deyib: "Qurultay iştirakçıları türk dillərinin ortaq köklərə malik olduğunu vurğulayır, onların qarşılıqlı anlaşma imkanlarının genişləndirilməsini vacib hesab edirdilər. Bu məqsədlə terminoloji sistemin yaxınlaşdırılması, ortaq elmi dil elementlərinin formalaşdırılması və tədris materiallarının hazırlanması məsələləri gündəmə gətirilmişdi.

Dil məsələsinin siyasi məzmun daşıdığı açıq şəkildə hiss olunurdu. Çünki dilin inkişafı milli şüurun formalaşmasına birbaşa təsir göstərirdi. Ziyalıların əksəriyyəti hesab edirdi ki, milli tərəqqi ana dilinin qorunması və inkişaf etdirilməsi ilə sıx bağlıdır.

I Türkoloji Qurultay maarifçilik ideyalarının yayılması baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Tədbirdə iştirak edən ziyalılar türk xalqlarının inkişafının əsas şərti kimi təhsilin yenilənməsini ön plana çəkirdilər. Yeni məktəblərin yaradılması, dünyəvi təhsil modelinin genişləndirilməsi və elmi biliklərin cəmiyyətə çatdırılması mühüm vəzifələr kimi müəyyənləşdirilmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31