Rəqəmsal inkişaf yeni dövrün əsas prioritetidir- ÖZƏL

"İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  xanım Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilməlidir. İclasda 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planının icrası, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olundu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Xanım Mehriban Əliyeva çıxışında vurğuladı ki, qarşıdakı üç il üçün müəyyən edilmiş yol xəritəsi Azərbaycanın rəqəmsallaşma sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə xidmət edir. Onun sözlərinə görə, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda innovativ iqtisadiyyatın formalaşdırılması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, investisiyaların cəlbi və yerli startap ekosisteminin gücləndirilməsidir.

İclasda təqdim olunan məlumatlar göstərdi ki, təsdiq edilmiş fəaliyyət planı 58 təşəbbüsü əhatə edir. Dövlət qurumlarının rəqəmsal transformasiyası üzrə yol xəritələri hazırlanır, "myGov" platformasının istifadəçi sayı qısa müddətdə əhəmiyyətli dərəcədə artıb, Milli Məlumat Hövzəsi, hökumət buludu və yeni data mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu addımlar vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və dövlət idarəçiliyinin daha çevik modelə keçməsinə xidmət edir.

Diqqət çəkən məqamlardan biri də rəqəmsal inkişafın yalnız texnoloji deyil, həm də iqtisadi və sosial inkişafın əsas aləti kimi təqdim edilməsidir. Süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya mühitinin genişləndirilməsi və insan kapitalının inkişafı gələcək rəqabət qabiliyyətinin əsas amilləri kimi müəyyənləşdirilib. Təhsil sahəsində rəqəmsal bacarıqların inkişafı və STEAM layihələrinin genişləndirilməsi də bu strategiyanın mühüm tərkib hissəsi kimi qeyd olunub.

Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs çərçivəsində həyata keçirilən bu islahatlar iqtisadiyyatın şaxələndirilməsi, dövlət xidmətlərinin müasirləşdirilməsi və rəqabətqabiliyyətli innovasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.  Əminik ki, şuranın fəaliyyəti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə  bu prosesə əlavə dinamizm qazandıracaq və ölkənin rəqəmsal inkişaf sahəsində regional liderlik mövqeyini daha da möhkəmləndirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31