Prokuror psixi diaqnoz qoymur, yekun qərarı məhkəmə verir-deputat
30 İyun 12:43 Sosial"Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklər prokurora vətəndaşı psixiatriya xəstəxanasına yerləşdirmək səlahiyyəti vermir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, ictimaiyyətdə qanun layihəsi ilə bağlı səsləndirilən bəzi iddialar həqiqəti əks etdirmir: "Söhbət yalnız barəsində inzibati xəta işi aparılan və aqressiv davranışı ilə təhlükə yaradan şəxsin ilkin psixiatriya müayinəsinə göndərilməsi barədə qərardan gedir. Prokuror və ya digər səlahiyyətli vəzifəli şəxs psixi xəstəlik diaqnozu qoymur. Tibbi qərarı yalnız həkim-psixiatr və müstəqil həkim komissiyası verir. Qüvvədə olan qanunvericiliyə əsasən, qeyri-könüllü müayinə və hospitalizasiya ilə bağlı yekun qərar bütün hallarda məhkəmə tərəfindən qəbul edilir.
Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğundur və fərdin hüquqları ilə cəmiyyətin təhlükəsizliyi arasında balans yaratmağa xidmət edir".