Psixi sağlamlıqla bağlı məlumatların mühafizəsi yüksək hüquqi təminat tələb edir-Deputat
12:34 Sosial"Təqdim edilən qanun layihəsi psixiatriya yardımı sahəsində hüquqi boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi baxımından ümumilikdə müsbət qiymətləndirilməlidir. Layihədə psixi sağlamlıq sahəsində müasir tələblər nəzərə alınır, elektron sağlamlıq kartı sistemi tətbiq edilir və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirlərinin hüquqi əsasları dəqiqləşdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vasif Qafarov deyib.
Deputat qeyd edib ki, həmçinin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatrik müayinəsinin hüquqi mexanizmi müəyyən edilir: "Bütün bunlar mövcud qanunvericilikdə olan bir sıra boşluqların aradan qaldırılmasına xidmət edir.
Eyni zamanda, layihə hüquqi müəyyənlik prinsipinin gücləndirilməsinə, psixiatriya yardımı sahəsində tətbiq zamanı yaranan praktiki çətinliklərin aradan qaldırılmasına və hüquq-mühafizə orqanları ilə tibb müəssisələri arasında qarşılıqlı fəaliyyətin daha səmərəli təşkilinə imkan yaradır.
Bununla yanaşı, layihənin daha da təkmilləşdirilməsi məqsədilə diqqət yetirilməsi zəruri olan bir sıra məqamlar da mövcuddur. Belə ki, elektron sağlamlıq kartında məlumatların saxlanılması nəzərdə tutulsa da, həmin məlumatlara hansı dövlət orqanlarının və hansı əsaslarla çıxış əldə edə biləcəyi, məlumatların saxlanma müddəti, onların qorunması mexanizmləri, habelə qanunsuz istifadəyə görə məsuliyyət məsələləri kifayət qədər ətraflı tənzimlənməmişdir. Nəzərə alınmalıdır ki, psixi sağlamlıqla bağlı məlumatlar xüsusi kateqoriyalı şəxsi məlumatlar hesab olunur və onların mühafizəsi daha yüksək hüquqi təminat tələb edir".
Deputat bildirib ki, layihədə bir sıra müddəalarda istifadə edilən "dərhal məlumat verilir" ifadəsi də, hesab edirəm ki, hüquqi müəyyənlik baxımından konkretləşdirilməlidir: "Bu anlayışın dəqiq vaxt meyarı ilə müəyyən edilməməsi praktikada müxtəlif yanaşmalara səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, məlumatın, məsələn, "3 saatdan gec olmayaraq" və ya "24 saat ərzində" təqdim edilməsinin qanunda dəqiq göstərilməsi məqsədəuyğun olardı.
Həmçinin, layihədə digər pasiyentlərin və şəxsin özünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcrid tədbirinin tətbiqi nəzərdə tutulsa da, həmin təcridin maksimum müddəti, uzadılması qaydası, həkim komissiyası tərəfindən yenidən qiymətləndirilməsi və bu proses üzərində nəzarət mexanizmi müəyyən edilməmişdir. Bu məsələlərin qanunvericilikdə əks etdirilməsi insan hüquqlarının müdafiəsi baxımından əlavə təminat yaradardı.
Layihədə prokurorun məlumatlandırılması və müəyyən qərarlar qəbul etməsi ilə bağlı müddəalar nəzərdə tutulsa da, həmin qərarların forması, onlardan şikayət verilməsi qaydası və məhkəmə nəzarətinin həyata keçirilməsi mexanizmi tam şəkildə tənzimlənməmişdir. Bu məsələlərin dəqiqləşdirilməsi hüquqi müəyyənliyin təmin olunmasına xidmət edər.
Bundan əlavə, layihədə təhlükəsizlik tədbirlərinin tətbiqi geniş şəkildə tənzimlənsə də, pasiyentin hüquqlarının qorunmasına dair əlavə təminatların nəzərdə tutulması da məqsədəuyğun olardı. Xüsusilə hüquqi yardım almaq, vəkil cəlb etmək, yaxın qohumları ilə əlaqə saxlamaq, psixoloji dəstək almaq və qəbul edilmiş qərarlardan şikayət vermək hüquqlarının ayrıca vurğulanması qanunun insan hüquqlarına əsaslanan balanslı tətbiqini təmin edər.
Layihənin daha da təkmilləşdirilməsi məqsədilə elektron sağlamlıq kartının tətbiqi, məlumatların qorunması, onlara çıxış qaydaları, audit mexanizmi və kibertəhlükəsizlik tələblərini tənzimləyən ayrıca normanın əlavə edilməsi də məqsədəuyğun olardı.
Eyni zamanda, məcburi hospitalizasiya edilən şəxslərin müəyyən müddət keçdikdən sonra müstəqil psixiatr tərəfindən təkrar müayinəsinin nəzərdə tutulması da səhv diaqnoz və ya əsassız məhdudiyyət riskinin azaldılmasına xidmət edər.
Bundan başqa, psixiatriya müəssisələri ilə məhkəmələr arasında elektron məlumat mübadiləsi sisteminin yaradılması qərarların icrasını sürətləndirə və sənəd dövriyyəsinin operativliyini artıra bilər.
Həmçinin, məcburi hospitalizasiya, məcburi müayinə və təcrid tədbirləri üzrə anonim statistik məlumatların hər il ictimaiyyətə açıqlanmasının nəzərdə tutulması qanunun tətbiqinin effektivliyinin qiymətləndirilməsinə və gələcək qanunvericilik islahatlarının əsaslandırılmasına kömək edər.
Ümumilikdə, hesab edirəm ki, bu qanun layihəsi psixiatriya yardımı sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi baxımından əhəmiyyətli qanunvericilik təşəbbüsüdür. Qeyd etdiyim məsələlərin də nəzərə alınması onun hüquqi keyfiyyətini, insan hüquqlarının müdafiəsi baxımından təminatlarını və praktik tətbiq səmərəliliyini daha da artıracaqdır".