"Vətən" uluslararası elmi-publisistik ədəbi-bədii dərgisinin növbəti sayı işıq üzü görüb

Bu günlərdə "Vətən" uluslararası elmi-publisistik ədəbi-bədii dərgisinin növbəti sayı işıq üzü gördü.
Bu il 1926-cı il Birinci Bakı Türkoloji Qurultayının 100 illiyidir. Bu 100 il ərzində Türk dünyası elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ciddi nailiyyətlər əldə etmiş, ölkələr arası əlaqələr inkişaf etmiş, Türk Dıvlətləri Təşkilatı yaradılmış, ortaq əlifba və ortaq dil günümüzün reallığına çevrilmişdir. Bununla yanaşı, türkologiyanın inkişafı qarşısında ciddi problemlər də var.
26 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin və Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Birinci Bakı Türkoloji Qurultayaına həsr olunmuş uluslararası elmi-praktik konfrans keçirildi. Giriş sözü ilə xalq yazıçısı ANAR konfrans iştirakçılarını salamladı və Birinci Türkoloji Qurultayın əhəmiyyətini qeyd etdi. Konfransın moderatoru, Türk Dünyası Araşdırmaları Mərkəzinin başqanı, müasir türkologiya elminin patriarxı, əməkdar elm xadimi, professor Tofiq MƏLİKLİ proqram nitqi ilə çıxış etdi. Məruzəçilərdən akademik Nizami CƏFƏROV, yazıçı və ictimai xadim Sabir RÜSTƏMXANLI, professorlar - Minaxanım NURİYEVA-TƏKLƏLİ (Azərbaycan), Nuridə NOVRUZOVA (Azərbaycan), Abid TAHİRLİ (Azərbaycan), Vaqif SULTANLI (Azərbaycan), Bədirxan ƏHMƏDOV (Azərbaycan), İbrahim TELLİİOĞLU (Türkiyə), Orhan ARAS (Türkiyə), fəlsəfə doktorları - Azər TURAN (Azərbaycan), Kəmalə ABDİNOVA (Azərbaycan), Səadət KƏRİMİ (İsveç) mövzu ətrafında aktual çıxışlar etdilər. Dərginin bu sayında konfrans materialları ilə tanış ola bilərsiniz.
2026-cı il görkəmli Azərbaycan şairi və filosofu Əfzələddin Xaqani Şirvanin 900 illik yubileyidir.
Onun daxili tənhalıq, insanın cəmiyyətlə ziddiyyəti və mənəvi böhran haqqında fikirləri bu gün də müasir insanın düşüncələri ilə həmahəng səslənir. Dərgidə Xaqani Şirvani haqqında məqalə və Xaqani yaradıcılığından nümunələr, eləcə də, Xorxe Luis Borxesin, Vaqif Sultanlının və Mariya Karyaqinanın bədii yaradıcılıq nümunələri, qədim türk yurdu Çuvaş Respublikası barədə reportaj və digər maraqlı məlumatlar yer almışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31