İLHAM ƏHMƏDOV -70
12:25 SosialMəmləkətimizin tanınmış təhsil və elm mütəxəssisi, dosent İlham Əhmədovun 70 illik yubileyi tamam olur.
İlham müəllim 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildə Kiyevdə "Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi: Cəbr və analizin başlanğıcı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
O, uzun illərdir ki, doğma universitetində müəllim kimi fəaliyyət göstərir və gənc nəslin yetişməsinə böyük töhfələr verir. İlham Əhmədovu digər təhsil mütəxəssislərindən fərqləndirən əsas cəhət təhsil problemlərinə riyaziyyatçı təfəkkürü ilə yanaşmasıdır. Məhz onun israrlı təklifləri və elmi cəhətdən əsaslandırılmış konsepsiyası nəticəsində 2007-ci ildən etibarən respublikanın bütün pedaqoji ali və orta ixtisas təhsil müəssisələrinin tədris planlarına "Təhsildə İKT" fənni məcburi kurs kimi daxil edildi.
Süni intellekt dövrünə qədəm qoyduğumuz bir dövrdə söyləmək olar ki, İlham Əhmədov həm də intuisiyası ilə önə çıxa bildi. Onun təhsil və elmin vəhdətində yazdığı analitik yazıları heç kim yaza bilməz. O, riyazi təfəkkürü ilə problemləri hamımızdan aydın şəkildə görür və yüksək peşəkarlıqla qələmə ala bilir. Ölkə təhsilinə və elminə ürəkdən bağlı olan bu şəxs həm də optimistdir. Bunun səbəbi onun əməkdə olmasıdır. Elm də əməkdir. Və düşünürəm ki, İlham Əhmədovun yazdığı məqalələr nə vaxtsa daha dərindən öyrəniləcək və təhsilimiz və elmimizin inkişafında paradiqmalar kimi qalacaq. Bir vacib məqamı da qeyd edim ki, İ. Əhmədov iştirak etdiyi çoxsaylı Beynəlxalq konfranslarda elmimizi və təhsilimizi yüksək səviyyədə təmsil etmişdir.
İlham Əhmədov Azərbaycanın görkəmli filoloq-dilşünası, metodist, pedaqoq, professor Bəşir Əhmədovun oğludur.
Onun sanballı alim, elm və təhsil mütəxəssisi kimi yetişməsində atasının kitabxanasının və tövsiyələrinin misilsiz rolu olmuşdur.
70 yaşın mübarək, əziz İlham müəllim! 100 yaşa...
Etibar Əliyev