Yay mövsümü üçün praktik kükü resepti
20:02 SosialÇölü qızılı rəngdə xırçıltılı, içi isə kabaçki, ağ pendir və təzə göyərtilərlə yumşaq qalan bu kükü resepti mövsümün ən sevilən tərəvəzlərini praktik bir ləzzətə çevirir. Sarımsaqlı qatıqla birlikdə süfrəyə gəldikdə ləzzəti ikiqat artan bu resept həm səhər yeməyi, həm də axşam yeməyi üçün əla seçimdir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
2 ədəd orta boy kabaçki (bağa balqabağı)
2 ədəd yumurta
100 qr ağ pendir (əzilmiş)
1 ədəd orta boy soğan
Yarım dəstə cəfəri, 5-6 yarpaq təzə nanə
1 çay qaşığı duz, yarım çay qaşığı qara istiot, 1 çay qaşığı pul bibər
1-1,5 stəkan un
Qızartmaq üçün: Təxminən 2 stəkan bitki yağı
Hazırlanması:
Kabaçkiləri rəndələyin və sıxaraq artıq suyunu tamamilə çıxarın. (Bu addım kükünün dağılmaması üçün çox vacibdir).
Soğanı rəndələyin, cəfəri və nanəni incə-incə doğrayın.
Dərin bir qabda kabaçki, soğan, doğranmış göyərtilər və əzilmiş ağ pendiri birləşdirin. Yumurtaları, duz və ədviyyatları əlavə edib qarışdırın.
Unu kontrollu şəkildə əlavə edin. Qaşıqla götürülə biləcək, qatı bir qarışıq hazırlayın.
Tavada yağı qızdırın. Qarışıqdan bir xörək qaşığı götürüb tavaya qoyun və qaşığın arxası ilə yüngülcə basaraq yastılaşdırın.
Orta odda hər iki tərəfi qızılı rəng alana qədər qızardın.
Hazır olan kükünü kağız salfet üzərinə qoyaraq artıq yağını süzün və sarımsaqlı qatıqla isti-isti servis edin.
Kabaçkinin suyunu yaxşıca sıxmaq kükünün daha çıtır olmasını və yağ çəkməməsini təmin edir.
Xəmir nə çox sulu, nə də çox bərk olmalıdır. Qaşıqla tavaya qoyulacaq teksturada olması kifayətdir.
Xəmiri hazırladıqdan sonra 10-15 dəqiqə gözlətsəniz, ərzaqlar bir-birinə daha yaxşı bağlanar.
Yağın kifayət qədər qızmış olmasına diqqət edin. Soyuq yağa qoyulan kükü çox yağ çəkə bilər.
Əgər qızartma istəmirsinizsə, yağlı kağız sərilmiş soba qabına qaşıqla düzüb sobada və ya "airfryer"də də bişirə bilərsiniz.