Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
14:37 SosialAzərbaycanda hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanuna əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişan hesab edilir.
Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bununla yanaşı, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Dəyişikliyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.